Azərbaycan filmi beynəlxalq film festivalında təqdim olunub

 Azərbaycan filmi beynəlxalq film festivalında təqdim olunub
# 13 oktyabr 2014 15:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. 50-ci Çikaqo Beynəlxalq Film Festivalında Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filminin premyerası baş tutub. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, təqdimatda filmin rejissoru və ssenari həmmüəllifi Elçin Musaoğlu iştirak edib.

Azərbaycanın ilk dəfə təmsil olunduğu Çikaqo Beynəlxalq Film Festivalı oktyabrın 23-dək davam edəcək. Festivalda artıq iki dəfə nümayiş olunan “Nabat” filminin növbəti təqdimatı oktyabrın 22-də ABŞ-ın ən məşhur kinoteatrlarından olan “AMC Theatres - River East 21”də baş tutacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə istehsal olunan “Nabat” filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR