Brüsseldə Xocalıya dair kitabın təqdimatı keçirilib

Brüsseldə Xocalıya dair kitabın təqdimatı keçirilib
# 21 iyun 2016 12:54 (UTC +04:00)

Bakı - APA. İyunun 20-də Brüsseldəki Press Club Brussels Europe” da “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhimlər kürsüsündə (“Khojaly Witness of a war crime – Armenia in the Dock””) adlı kitabın təqdimatı keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, TEAS-ın Brüssel ofisi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim , Avropa İttifaqı və Belçika diplomatları, mətbuat və QHT nümayəndələri, Azərbaycan diasporunun fəalları və beynəlxalq hüquq tərəfdarları iştirak ediblər.

TEAS-ın Brüssel ofisinin direktoru Mark Vervilgen giriş nitqini BMT baş katibi Pan Gi Munun sözləri ilə başlayıb: “Qaçqınlar da başqaları kimi adi insanlardır, sizin və mənim kimi. Onlar deportasiyaya məruz qalmazdan əvvəl adi həyat tərzi keçirirdi. Onların ən böyük arzusu yenidən öz evlərində və ölkələrində normal yaşaya bilməkdir”.

Mark Vervilgen bildirib ki, tədbirin əsas məramı bir milyona yaxın azərbaycanlının ədalətsizliyin qurbanı olması faktını toplaşanların diqqətinə çatdırmaqdır: “Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evlərini və doğma torpaqlarını zorla tərk etməli olublar. Bu, Avropada olan ən böyük məcburi köçkün kontingentidir. Azərbaycan dünyada adam başına düşən ən çox məcburi köçkünü olan ölkələrdən biridir”.

Mark Vervilgen qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa Şurasının Parlament Assambleyasının Ermənistanın işğalçılıq siyasətini pisləməsi haqqında qəbul etdiyi müvafiq qətnamələrə baxmayaraq 20 ildən çoxdur ki, heç nə dəyişməyib.

Daha sonra, “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhimlər kürsüsündə” kitabından bəhs edən M.Vervilgen vurğulayıb ki, Ermənistan 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş kütləvi insan qırğını ilə bağlı etdiyi cinayətlərə görə məsuliyyətini inkar etməkdə davam edir: “Bunlar hazırda Ermənistan prezidenti, o zaman isə səhra komandiri olan Serj Sarqsyan tərəfindən təşkil edilib”.

Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bu müharibənin həm şahidi, həm də qurbanı olduğunu deyib: “ Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində torpaqlarımızın təqribən 20 faizi işğala məruz qalıb. Bir milyona yaxın azərbaycanlı öz torpağında məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Xocalı qırğını mülki əhaliyə təsviredilməz şəkildə təsir göstərib. Ümumilikdə, 613 nəfər mülki şəxs öldürülüb. Ölənlər arasında qadın və uşaqlar da vardı. Yüzlərlə insan itkin düşüb. Ermənilər öz evlərindən qaçmağa məcbur olan və ailə üzvlərini itirən dinc mülki əhaliyə atəş açmışdı.

Bu faciə 24 il bundan öncə baş verib. Xocalı faciəsi haqqında məlumatlı olmağınız bizə gələcəkdə bu cür faciəvi ssenarinin təkrarlanmasının qarşısını almağa yardım edəcək. Bütün beynəlxalq təşkilatlar qəbul edir ki, hazırkı status -kvo davamlı ola bilməz”.

Kitabın ərsəyə gəlməsi haqqında bəhs edən nəşrin redaktoru İan Pert bildirib ki, ilk növbədə həqiqəti bərqərar olunmalıdır: “Xocalı faciəsinə dair materialları dərindən bilən əcnəbi mütəxəssislərin iştirakı ilə tərtib olunan “Khojaly Witness of a war crime. Armenia in the dock” kitabı kompozisiyasına və əhatə etdiyi təkzibedilməz sənəd və materiallara görə sözün əsil mənasında unikal bir nəşrdir. Burada Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümkündür. Biz güllələrdən qaça bilən və bəxti gətirmiş insanlardan müsahibə almağa nail olduq. Bu inanılmaz dərəcədə çətin oldu. Ona görə ki, bu ifadələr həm müsahibə verənlər, həm də kitab tərtibatçıları üçün çox ağrılı idi. Gəlin, rəqəmlər haqqında yox, insanlar haqqında danışaq. Məsələn, o vaxt 12 yaşında olan və qohumu ilə birgə canını qurtara bilən Yasəmən Həsənova haqqında. Onun atası özünü müdafiə qüvvələrinin sıralarında döyüşüb və sonradan həlak olub. Anası isə itkin düşüb. Və bir neçə il sonra, o, anasının cəsədini televiziyada nümayiş etdirilən arxiv çəkilişlərdə görüb. O, quyudan su götürdüyü zaman güllə ilə vurulub. Yasəmən deyir ki, heç vaxt düşünməzmiş ki, kimsə anasının əsir götürülmədən öldürüldüyünə sevinə bilər. Hazırda Yasəmən müəllimədir. Şagirdləri ondan Xocalı haqqında soruşanda, o, deyir: “Mən onlara Xocalının keçmiş tarixindən və nə qədər gözəl olduğundan danışıram”.

İan Peart tədbir iştirakçılarına müraciət edərək “Xahiş edirəm, öz torpaqlarına qayıtmaq istəyən bu insanlara yardım etmək üçün bütün imkanlarınızdan istifadə edin”, - deyə bildirib.

Sual-cavab sessiyasında çıxış edən Ermənistanın Belçikadakı səfirliyinin əməkdaşının şərhinə İan Peart belə cavab verib: “Britaniyalı jurnalist Tomas de Vaalın “Qara Bağ” (“Black Garden”) kitabında Ermənistan prezidenti Serj Sarkisyandan sitat gətirilir. Ondan Xocalı qətliamı haqqında soruşulanda, o, belə cavab verib: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi sındıra bildik.”

İlk dəfə ingilis dilində nəşr olunan bu toplu 2014-cü ildə Londonun “İTHACA Press” nəşriyyatında işıq üzü görüb. Kitab rus, türk və fransız dillərinə tərcümə edilib. Kitab tanınmış Qərb nəşriyyatları tərəfindən Xocalı faciəsi haqqında nəşr edilən ilk topludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR