“Azərsu”nun yeni Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb

“Azərsu”nun yeni Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb
# 02 oktyabr 2015 14:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC-nin yeni Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Hövsan Aerasiya Stansiyasının ərazisində mövcud inzibati bina əsaslı təmir olunub, zəruri mebel və avadanlıqlarla təchiz edilib. Ümumi sahəsi 5000 kv metr olan binanın zirzəmisində ilkin tibbi yardım otağı, inzibati otaqlar, arxiv, anbar yaradılıb.

Mərkəzin I və II mərtəbələrində nəzəri və praktiki tədris otaqları, psixologiya kabineti, konfrans zalı, kitabxana, linqafon otağı, tədrisin inkişafı və digər sahələr üzrə laboratoriyalar, tədris-təcrübə kabineti yerləşir. Binanın III mərtəbəsi yataqxana, mansardı isə asudə vaxtın səmərəli təşkili üçün nəzərdə tutulub.

Ümumilikdə, mərkəzdə 8 nəzəri, 10 praktiki təlim otağı yaradılıb ki, bu da eyni vaxtda 321 nəfərə təlim keçirilməsinə imkan verir. Burada mexanika, energetika, avtomatika və metrologiya, kompüter, coğrafi informasiya sistemi, SCADA, nəzarət ölçü cihazları kabinetləri fəaliyyət göstərir.

Mərkəzdə təlim iştirakçılarının məişət qayğıları, asudə vaxtlarının təşkili üçün də şərait yaradılıb. Binada mətbəx, 108 nəfərə xidmət göstərən yeməkxana, idman zalı fəaliyyət göstərir. Mərkəzin binasında regionlardan və xarici ölkələrdən gələn təlim iştirakçılarının yerləşməsi üçün 5-i VİP, 12-si standart olmaqla 67 yerlik yataq otaqları da vardır. Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olmaq üçün “Azərsu” ASC-nin əməkdaşlıq etdiyi Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) nümayəndələri yeni yaradılan mərkəzdə olublar.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov yeni yaradılan Təlim-Tədris Mərkəzi barədə məlumat verərək bildirib ki, kadr hazırlığı işinin təkmilləşdirilməsi və mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün 2014-cü ildə Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim-Tədris Mərkəzinin yaradılmasına qərar verilib və təmir-tikinti işləri qısa müddətdə başa çatdırılıb. Müasir standartlar səviyyəsində qurulan mərkəzdə regional və beynəlxalq təlimlərin keçirilməsi məqsədilə yüksək səviyyəli şərait yaradılıb. Bu təcrübədən yararlanaraq gələcəkdə respublikanın bütün bölgələrini əhatə edən regional təlim-tədris mərkəzlərinin yaradılması nəzərdə tutulur. Beynəlxalq maliyyə qurumlarının Azərbaycanda və digər ölkələrdə reallaşdırdığı layihələr çərçivəsində bəzi beynəlxalq və regional təlimlərin yeni yaradılan mərkəzdə keçirilməsi də perspektivdə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.

Beynəlxalq maliyyə qurumlarının nümayəndələri Təlim-Tədris Mərkəzində yaradılan şəraiti yüksək qiymətləndirib, burada beynəlxalq və regional təlimlərin keçirilməsi üçün lazımi şəraitin olduğunu, mərkəzinin yaradılmasını “Azərsu” ASC-nin uğuru, insan resurslarından səmərəli istifadəyə yönəlmiş məqsədyönlü fəaliyyəti adlandırıblar. Qeyd olunub ki, birgə həyata keçirilən beynəlxalq layihələr çərçivəsində istifadəyə verilən qurğuların istismarı baxımından peşəkar mütəxəssislərin hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq maliyyə qurumlarının nümayəndələri mərkəzin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün dəstək veriləcəyini diqqətə çatdırıblar.

Qeyd edək ki, kadr hazırlığı və işçilərin peşəkarlığının yüksəldilməsi “Azərsu” ASC-nin prioritet məqsədlərindəndir. Bu məqsədlə 2012-ci ildən başlayaraq mütəxəssislər yerli və xarici ölkələrdə təşkil olunan təlimlərə cəlb edilir. Ümumilikdə, 2012-2015-ci illərdə “Azərsu” ASC-nin 7 mindən artıq əməkdaşı təlimlərə cəlb olunub. 2012-ci ildə qurumun işçilərinin 5%-i, 2013-cü ildə 10, 2014-cü ildə isə 32%-i təlimlərdə iştirak edib.

12 may 2014-cü ildə Fransanın “Suez Environnement” şirkəti ilə imzalanan “Praktiki təlim, nou-hau ötürülməsi və texnik i yardıma dair müqavilə” çərçivəsində 5 il ərzində 34 peşə və ixtisas üzrə 4 500 nəfər kadr hazırlığı prosesinə cəlb olunacaq, 250 peşəkar təlimçi hazırlanacaq. Təlim mərkəzlərinin iş prinsiplərinin öyrənilməsi, interaktiv tədris üsullarının mənimsənilməsi, təlimdə innovasiyaların, yeni metod və yanaşmaların tətbiqi sahəsində xarici təcrübənin öyrənilməsi məqsədi ilə qurumun əməkdaşları Fransa, İspaniya, Türkiyə, Çin və digər ölkələrdə təcrübə mübadiləsində iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR