Göyçayda “Space” TV-nin əməkdaşının evində yanğın olub

Göyçayda “Space” TV-nin əməkdaşının evində yanğın olub
# 18 iyun 2016 14:16 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Yekəxana kəndində qeydə alınıb.

Kənd sakini Rəşidov Rəşad Valeh oğluna məxsus evin həyətindəki mal-qara tövləsində baş verən yanğın havanın küləkli olması səbəbində qısa müddətdə geniş ərazini əhatə edib. Hadisə nəticəsində tövlə və onun damındakı 2 ton ot, 31-BC-075 dövlət nömrə nişanlı “QAZ 2410” markalı minik avtomobili, yaxınlıqdakı pomidor istixanası və meyvə ağacları yanıb.

Hadisə yerinə FHN Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, alovun yaxınlıqdakı fərdi yaşayış evinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, R. Rəşidov “Space” TV-nin əməkdaşıdır. Yanğın baş verən zaman o, Ağdaşda olduğundan hadisədən gec xəbər tutub. Hadisə nəticəsində R. Rəşidovun şəxsi əmlakına 8 min manat ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR