Bakı-APA. "Bakı Ağır Cinayətlər Məhkəməsində Rauf Mirqədirovun mühakiməsi başlayıb. O, jurnalistdir. İmzası kifayət qədər tanınır. Bu amillərə görə də məsələ Mətbuat Şurasının diqqət mərkəzindədir".
Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə. Amaşov bildirib ki, Şura jurnalistika və jurnalistlərlə bağlı bütün məsələlərə həssas yanaşır: " Bu və ya digər məsələ söz və ifadə azadlığı kontekstində dəyərləndirilir. Məsələyə münasibətdəki həssaslıq da bundan qaynaqlanır".
"Əlbəttə, jurnalistika sahəsində çalışan kimsənin mühakimə olunması ağır haldır və arzu olunan deyil. Təəssuf ki, bu sayaq vəziyyətlərdə bəzən söz və ifadə azadlığı ilə manipulyasiya etmək cəhdlərinə də rast gəlinir. Düşünürəm ki, Azərbaycan dövləti də mövcud məqama yetərincə həssas yanaşır. Demokratik ideyaları bəyan edən heç bir ölkə istəməz ki, orda jurnalist mühakimə olunsun" deyə, Ə. Amaşov bildirib.
Şura sədri qeyd edib ki, Rauf Mirqədirovla bağlı məsələnin diqqəti çəkən digər məqamları da mövcuddur: " O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham olunur: Dövlətə xəyanət. Belə qənaətdəyəm ki, mövcud situasiyada ən doğru qərar məhkəmə tərəfindən verilə bilər. Hər bir halda unutmayaq ki, azad söz və azad düşüncə vətənə sadəqət hissinin fövqündə dayana bilməz".