Bakının Sabunçu rayonunda “Pilot layihə” çərçivəsində ilk qəzalı bina sökülüb

Bakının Sabunçu rayonunda “Pilot layihə” çərçivəsində ilk qəzalı bina sökülüb
# 06 noyabr 2015 11:02 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bakı şəhəri Sabunçu rayonunda “Pilot layihə” çərçivəsində qəzalı binalardan biri artıq sökülüb.

Bunu APA-ya açıqlamasında Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseynzadə bildirib.

A. Hüseynzadə deyib ki, Yeni Ramana qəsəbəsi, D. Bünyadzadə küçəsi 23 ünvanındakı yerləşən 30 mənzilli binanın sakinlərinin hamısı köçürülüb, tikinti şirkəti tərəfindən həmin mənzillərin sakinlərinə yeni bina tikilib istifadəyə verilənə qədər kirayədə qalmaları üçün vəsait ayrılır: “Artıq qəzalı bina sökülüb, yerində yeni 10 mərtəbəli, 2 bloklu binanın tikintisinin aparılması ilə əlaqədar hazırlıq işlərinə başlanıb. Sakinlər gələcəkdə sökülən qəzalı binanın yerində tikilən yeni binada mənzillərlə təmin ediləcəklər. Qəzalı vəziyyətdəki binada yaşayan ailənin mənzilinin sahəsi yeni binada 25-35 faiz artıq olacaq. Sakinlər tərəfindən bu addım çox müsbət qarşılanıb, çünki bu insanlar illərdir ki, qəzalı, kommunal şəraiti olmayan binalarda yaşayırlar ”.

Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Bakıxanov qəsəbəsi, Ə. Ağayev küçəsi, 39 ünvanında yerləşən 16 mənzilli binadan da sakinlərin əksəriyyətinin köçürüldüyünü, köçürülmə işləri tam başa çatandan sonra binanın sökülməsinə başlanacağını nəzərə çatdırıb. Bu binanın yerində də 10 mərtəbəli bir bloklu bina tikiləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti “Pilot layihə” formatında 5 il müddətinə mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR