“Quş qripi” ilə bağlı növbəti monitorinq başlayıb

“Quş qripi” ilə bağlı növbəti monitorinq başlayıb
# 02 noyabr 2015 07:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) “Quş qripi” ilə bağlı ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.

DBNX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, köçəri quşların payız miqrasiyası nəzərə alınaraq noyabrın 2-dən növbəti monitorinq başlayıb. Monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

Nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq. Nəticələr isə noyabrın 13-də ictimaiyyət üçün açıqlanacaq.

DBNX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

Bildirib ki, hazırda “quş qripi” xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyin qoruyub saxlamaq üçün Dövlət Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR