Azad Rəhimov Baronessa Nikolson və Kristof Bruerini qəbul edib

Azad Rəhimov Baronessa Nikolson və Kristof Bruerini qəbul edib
# 03 iyun 2016 13:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Gənclər və idman naziri Azad Rəhimov Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolsonu və Köln Almaniya İdman Universitetinin vitse-prezidenti Kristof Bruerini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, B. Nikolsonla görüş zamanı A. Rəhimov Azərbaycanda gənclər və idman sahələrində görülən işlər haqda qonağa məlumat verib. B. Nikolson iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığa hazır olduqlarını diqqətə çatdıraraq Azərbaycan hökumətinin fiziki qüsurlu insanlar üçün müxtəlif sahələrdə həyata keçirdiyi layihələri, onların "Formula 1" Grand Prix-yə cəlb olunmalarını çox yüksək qiymətləndirib.

Köln Almaniya İdman Universitetinin vitse-prezidenti K. Brueri ilə görüş çərçivəsində A. Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyində dəyişikliklər edildiyini, akademiyanın təhsil sistemində yeniliklərin nəzərdə tutulduğunu və bu istiqamətdə Almaniyanın Köln universiteti ilə əməkdaşlığın müsbət nəticələr verə biləcəyini qeyd edib.

K. Brueri səfərdən məmnunluğunu bildirib. O, akademiyada maraqlı və yeni islahatlar aparıldığını, fakültələrin sayında, eyni zamanda əhatə dairəsində dəyişikliklərin edilməsini müsbət qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR