Dövlət Məşğulluq Xidməti ümumtəhsil məktəblərində valideynlərin iştirakı ilə peşəyönümü tədbirlərinə başlayıb

Dövlət Məşğulluq Xidməti ümumtəhsil məktəblərində valideynlərin iştirakı ilə peşəyönümü tədbirlərinə başlayıb
# 23 oktyabr 2014 08:13 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə “Düzgün ixtisas seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbirlərinə başlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ilkin olaraq paytaxtın Sabunçu rayonundakı 107, 310, 68 və 259 saylı orta ümumtəhsil məktəblərində 9-11-ci sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə belə tədbirlər keçirilib. Tədbirlərdə valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, ixtisas və peşələrin gələcək perspektivləri haqqında ətraflı məlumatlar verilir. Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi, bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırılır. Habelə şagirdlərə və valideynlərə peşəyönümünə dair məlumat kitabçaları paylanır, onların sualları cavablandırılır.

Peşəyönümü tədbirlərinin gələn ayın sonunadək və paytaxtın bütün rayonları üzrə ümumilikdə 55 ümumtəhsil məktəbində keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR