"Nettrends" layihəsi fəaliyyətini dayandırıb, həmtəsisçilərdən biri digərini məhkəməyə verir

"Nettrends" layihəsi fəaliyyətini dayandırıb, həmtəsisçilərdən biri digərini məhkəməyə verir
# 03 mart 2015 12:56 (UTC +04:00)

Bakı - APA-Economics. "Startup Azərbaycan 2013"-ün qalibi olan "Nettrends" layihəsi fəaliyyətini dayandırıb.

Buna səbəb layihənin həmtəsisçilərinin arasında baş verən narazılıqdır.

Layihənin həmtəsisçilərindən biri olan Samir Qənili “APA-Economics”ə bildirib ki, 2014-cü ilin iyunun 11-də digər həmtəsisçi Elşad Yusifli elektron poçtla bəyan edib ki, "Nettrends" MMC-nin fəaliyyəti dayandırılır və hər bir təsisçi istədiyi kimi bundan sonra öz fəaliyyətini davam etdirə bilər. “Digər iki təsisçi də artıq uzun müddətdir ki, təsisçilər arasında razılaşdırıla bilməyən ümumi şirkət strategiyası və sair halları nəzərə alaraq, Elşad Yusiflinin təklifinə etiraz etməyi. Bundan sonra "Nettrends" MMC-nin direktoruna şirkətin fəaliyyətinin dayandırılması istiqamətində işlərin aparılması tapşırılıb. Şirkət fəaliyyətinin dayandırılması vaxt aparan proses olduğun siz də bilirsiniz. Burada müştərilər qarşısında olan hüquqi və maddi öhdəliklər, debitor və kreditor, vergilər və sair bunun kimi məsələlərin həll edilməsi zəruridir. İyun ayından etibarən bu proses gedir və mənim məlumatıma görə, artıq yekunlaşmaq üzrədir. Məsələ bu qədər sadədir əslində. Elşad Yusifli bir ara proqram təminatının ona aid olduğunu iddia edirdi, amma sonradan özü də anladı ki, bu proqram "Nettrends" MMC-nin məhsuludur, hər hansı bir təsisçinin malı deyil. Biz hüquqi dövlətdə yaşayırıq və Elşad bəyin əgər ona qarşı haqsızlıq edildiyini düşünürsə, təbii ki, hüquq çərçivəsində həll axtarmaq haqqı vardır”, - deyə S. Qənili bildirib.

S. Qənili bildirib ki, bundan sonra Azərbaycanda və ya hər hansı digər xarici ölkələrdə heç bir media monitorinq fəaliyyəti ilə məşğul olmayacaq.

Digər həmtəsisçi E. Yusifli isə “APA-Economics”in sorğusuna cavab olaraq bildirib ki, “Nettrends” MMC fəaliyyətini davam etdirdiyi bir vaxtda ondan xəbərsiz olaraq, “Kalibri Media Pro" MMC təsis edilib. Bundan sonra “Nettrends”də istifadə olunan proqram təminatı o şirkətin serverinə köçürülüb.

“Daha sonra yalandan müştərilərə bir-bir zəng edərək, guya rebrendinq etdiyimiz deyilib. Mən də bunu müştərilərdən təsadüfən öyrənmişəm. Daha sonra məsələni danışıqlarla həll etməyə çalışmışam, lakin nəticə əldə edilməyib. Dünən isə mənə xəbər edilmədən serveri dayandırıblar”, - deyə E. Yusifli bildirib.

E. Yusifli əlavə edib ki, yaxın günlərdə bununla bağlı məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, “Nettrends” media monitorinqi ilə məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR