Kəmaləddin Heydərov: “Komissiyalar zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılana kimi bölgədə fəaliyyətlərini davam etdirəcəklər ”

Kəmaləddin Heydərov: “Komissiyalar zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılana kimi bölgədə fəaliyyətlərini davam etdirəcəklər ”
# 16 aprel 2013 17:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsində jurnalistlər üçün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən nazir ötən il Azərbaycanın Şimal-qərb bölgəsində baş verən zəlzələdən sonra bölgədə həyata keçirilən tikinti işlərindən danışıb, həmçinin bölgədə bəzi sakinlərin narazı qaldığı məsələlərə də aydınlıq gətirib.

K. Heydərov zəlzələ bölgəsində bəzi sakinlərin haqsız narazılıqlarının olduğunu qeyd edib: “Ötən il mayın 7-də ölkənin Şimal-qərb bölgəsində baş verən zəlzələdən dərhal sonra Prezident İlham Əliyev bölgəyə səfər etdi. Zəlzələ bölgəsindəki vəziyyətlə tanış olduqdan sonra ölkə başçısı bir sıra sərəncamlar imzaladı və bundan sonra bölgədə müvafiq komissiyalar öz işinə başladı. Komissiyalar ilkin işləri bitirdikdən sonra layihələr hazırlandı. Bundan sonra da qəzalı vəziyyətə düşən evlərin, sosial obyektlərin tikintisinə start verildi. Bu proseslər bu günə kimi davam etməkdədir. Belə ki, bölgədə ötən il baş verən zəlzələdən sonra oktyabrda yenidən təkanlar oldu və həmin təkanlardan sonra bölgədə qəzalı vəziyyətə düşən evlərin, sosial obyektlərin sayı artdı”.

Nazir bildirib ki, zəlzələ bölgəsində işləyən komissiyalar daimi əsaslarda fəaliyyət göstərir: “Bu komissiyalar zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılana kimi bölgədə fəaliyyətlərini davam etdirəcəklər. Əhali arasında müəyyən narazılıqlar var. Məsələn, bu gün mənə dedilər ki, bir ev sahibi evinə baxış keçirilməsi üçün 8 dəfə müraciət edib. Komissiyalar 8 dəfə həmin vətəndaşın evinə təkrar baxış keçiriblər. Bütün baxışlarda da eyni qərar verilib. Mən həmin narazı insanları da başa düşürəm. Başa düşürəm ki, onların qonşuları üçün yeni evlər tikilib, onların evləri isə köhnədir və həmin insanlar da istəyirlər ki, onların evləri də qonşularının evləri kimi təzə ev olsun. Onlar bilməlidirlər ki, əgər evləri qəzalı vəziyyətdə deyilsə, həmin evlərin sökülməsi birmənalı olaraq yolverilməzdir. Müəyyən bərpa gücləndirmə işlərinə ehtiyac varsa, biz həmin ev sahiblərinə təmir üçün kompensasiyalar ödəyirik. Onlar bir daha başa düşməlidir ki, bu hadisə təbii fəlakət nəticəsində baş verib və dünyanın heç bir ölkəsində dövlət sığortalanmamış evlərə təbii fəlakətlər zamanı yardım göstərmir. Lakin Azərbaycanda həm 2010-cu ildə baş verən sel və daşqınlardan zərər çəkənlərə yardım məqsədilə, həm də 2012-ci ildə Şimal-qərb bölgəsində baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün dövlət tərəfindən vəsait ayrılıb. Bu, Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətini nəzərə alaraq vermiş olduğu çox mühüm bir qərardır. Biz də həmin qərarın icrası ilə məşğuluq”.

Nazir bölgəyə son səfəri zamanı narazı vətəndaşları qəbul etdiyini, evlərə baxış keçirdiyini xatırladıb: “Məlum oldu ki, bəzi kəndlərdə elə sakinlər var ki, onlar hamının gözü qarşısında öz evini uçurublar. Belə adamlar öz əmlakına qarşı cinayət törətmiş sayılırlar. Onlar öz əmlaklarını qəsdən zədələyiblər. Belə iş görmək olmaz. Bir daha deyirəm ki, bu günə kimi zəlzələ bölgəsində 3245 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb. Artıq ikinci mərhələ başlayıb. Bu mərhələdə qalan evlərin tikintisi davam etdirilir. Bunların hamısı dövlətin və prezidentin göstərdiyi qayğının nəticəsidir. Mən başa düşürəm ki, sakinlər öz evlərini vaxtilə sadə çay daşlarından tikiblər və həmin mənzillərdə yaşayıblar. Əgər bu gün həmin evlərdə hər hansı bir qəza baş veribsə, burada dövlətin günahı nədir? Unutmaq lazım deyil ki, həmin evlərin hamısı şəxsi evlərdir və o evlər tikilən zaman dövlət heç bir zəmanət verməyib. Bütün bunlara baxmayaraq, dövlətimiz hər zaman olduğu kimi yenə vətəndaşların köməyinə çatdı və biz ölkə başçısının tapşırığı ilə zəlzələ bölgəsində qəzalı vəziyyətə düşən evləri yenidən tikib sakinlərin istifadəsinə verdik”.

Kəmaləddin Heydərov narazı qalan vətəndaşların müraciətlərinin araşdırıldığını deyib: “Elə vətəndaşlar var ki, narazı qaldığı üçün məhkəmələrə müraciət edirlər. Bu da onların öz hüququdur. Birmənalı olaraq deyirəm ki, evlərə baxış keçirilir, son qərarı komissiyalar verəcək. Heç kim komissiyaların işinə təzyiq edə bilməz. Komissiyalar tərəfindən verilmiş rəy və statusları dəyişdirmək mümkün deyil”.

K. Heydərov ötən ilin mayın Azərbaycanın Şimal-qərb bölgəsində baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün heç bir xarici ölkədən yardım almadığını açıqlayıb: “Biz nə 2010-cu ildə baş verən daşqınlar zamanı, nə də ötən il baş verən zəlzələ zamanı təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün heç bir ölkədən yardım almamışıq. Sadəcə dövlətimiz tərəfindən, öz vəsaitimiz hesabına başqa ölkələrdən alınan çadırlar təyyarələrlə Zaqatalaya gətirilib”.

K. Heydərov bərpa-gücləndirmə rəyi verilmiş evlərin sakinlərə mənzillərini tikinti işləri aparan şirkətlər vasitəsilə təmir etdirməyi tövsiyə edib: “Mən keçən dəfə də bura gələndə sakinlərə bildirdim ki, nə qədər ki, bölgədə iş aparan tikinti şirkətləri buradadır, həmin şirkətlərlə müqavilə bağlayıb, evlərini təmir etdirsinlər. Dövlət tərəfindən ayrılmış kompensasiyalar sakinlərə bu işləri görməyə imkan verir. Onu da deməliyəm ki, bu gün dövlət tərəfindən verilən kompensasiyalar vaxtilə həmin evlərin tikintisinə xərclənən vəsaitdən çoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR