Bakıda Tranzitə Dair Milli Seminar öz işinə başlayıb

Bakıda Tranzitə Dair Milli Seminar öz işinə başlayıb
# 20 may 2015 08:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün “Tranzitə Dair Milli Seminar” öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirin açılış mərasimində DGK sədrinin müavini Şahin Bağırov, ÜGT-nin eksperti Toshi Osava və Almaniya Gömrük xidmətinin əməkdaşı, ÜGT-nin eksperti Dominik Janssens çıxış edərək seminarın təşkilinə görə ÜGT və DGK rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan müxtəlif nəqliyyat vasitələrinin istifadə olunduğu mühüm tranzit xətlərinin üzərində yerləşir və tranzit əməliyyatlarının həyata keçirilməsi üçün vacib olan beynəlxalq konvensiyaların üzvü olaraq bu sahədə daim öz töhfələrini verir. Azərbaycanın bu sahədə artıq xeyli təcrübəyə malik olduğu və seminarın gedişində Azərbaycan gömrük əməkdaşlarının əldə olunan yeni məlumatları tam mənimsəyərək onların tətbiqinə və tranzit əməliyyatlarının daha da asanlaşdırılmasına səy göstərəcəkləri bildirilib.

Daha sonra effektiv tranzit əməliyyatlarının təkmilləşdirilməsinin və sürətləndirilməsinin ticarətin asanlaşdırılmasında vacib rol oynadığı xüsusilə vurğulanaraq bu sahədə Avropa təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən bəhs olunub.

Seminarın gedişində ÜGT-nin və DGK-nın ekspertləri “Ticarətin Asanlaşdırılması Sazişi və ÜGT alətləri”, “Tranzit üzrə milli qanunvericilik”, “Məlumat mübadiləsi sistemi”, Zəmanət Sistemi”, “Gömrük möhürləri və təhlükəsizlik tədbirləri”, “ Dənizə çıxışı olmayan ölkələrin problemləri” mövzusunda təqdimatlarla çıxış edəcəklər.

Seminar 3 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR