Bakıda “Qarabağ dünən, bu gün və sabah” elmi-praktiki konfrans keçirilib

Bakıda “Qarabağ dünən, bu gün və sabah” elmi-praktiki konfrans keçirilib
# 26 may 2015 12:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “Qarabağ dünən, bu gün və sabah” 14-cü elmi-praktiki konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən QAT sədri Akif Nağı bildirib ki, konfransın keçirilməsində məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif istiqamətlərdə araşdırmaların aparılmasıdır:

“Həmin araşdırmalar bizə təqdim olunur və onları çap edirik. Hesab edirəm ki, bu, ümumi işə böyük töhfə verəcək. Düşünürük ki, torpaqlarımızın azad olunması ilə bağlı hər sahədə, o cümlədən elmi sahədə mübarizə aparılmalıdır”.

A. Nağı qeyd edib ki, münaqişə başlayan gündən beynəlxalq təşkilatlar ciddi mövqe ortaya qoymayıb: “Biz ABŞ-ın mövqeyini araşdırmışıq. Məlum olur ki, ABŞ Senatında 1989-cu ilin iyulun 26-da hələ münaqişə haqqında məlumat yayılmazdan əvvəl bu vəziyyət müzakirə olunub və ermənilərə dəstək ifadə edilib. Hazırda dünyada onlarla separatçı rejim mövcuddur və ABŞ qondarma rejimdən başqa heç kimə dövlət səviyyəsində yardım etməyib. Bu baxımdan beynəlxalq təşkilatların münaqişənin həllinə hər hansı töhfə verəcəyini düşünmək yanlışdır”.

Digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Sonra “Qarabağ dünən, bu gün və sabah” kitabının 14-cü buraxılışı və “Qarabağ gündəliyi” toplusunun 12-ci cildi tədbir iştirakçılarına təqdim olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR