“Azərbaycanda siyasi partiyalar: mövcud durum və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanda siyasi partiyalar: mövcud durum və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
# 13 mart 2015 09:25 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilatçılığı ilə “Azərbaycanda siyasi partiyalar: mövcud durum və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMİP sədri Yusif Bağırzadə mövzunun aktuallığını vurğulayaraq bildirib ki, hazırda Azərbaycanda siyasi partiyaların aktivliyi azalıb.

Onun sözlərinə görə, bunun obyektiv və subyektiv səbəbləri var: “Bura bir tərəfdən siyasi partiyaların maddi-texniki bazasının olmaması, cəmiyyətdə siyasi partiyalara inamın az olması, hakimiyyətlə siyasi partiyalar arasında münasibətlərin normal olmaması, proporsional seçki sisteminin ləğv olunması və digər səbəblər daxildir. Doğrudan da cəmiyyətin həyatında siyasi partiyaların rolu azaldıqca, radikal qüvvələrin təsiri artır”.

Y.Bağırzadə son vaxtlar baş tutan iqtidar-müxalifət görüşünün siyasi partiyaların vəziyyətinin dəyişməsində əhəmiyyətini də vurğulayıb.

AMİP-in baş katibi Arzuxan Əlizadə deyib ki, ölkədə normal siyasi münasibətlərin olması üçün siyasi partiyalar fəallaşmalıdır: “Azərbaycanda partiyalaşmanın təşəkkül tapması milli azadlıq hərəkatı ilə eyni dövrə təsadüf edir. Müstəqilliyin əldə olunması və Azərbaycanın təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçilməsi cəmiyyətin böyük uğurlarından biridir”.

ASDP sədri Araz Əlizadə isə bildirib ki, bu gün siyasi partiyalar iqtidar güclü olduğuna görə deyil, birləşə bilmədikləri və pərakəndə şəkildə fəaliyyət göstərdikləri üçün zəifdir: “Eyni zamanda ölkədə proporsional seçki sistemin ləğv edilməsi partiyaların çəkisini aşağı salıb. Digər tərəfdən, partiyalarda cavanlaşma getmir, gənclərə yer verilmir. Düşünürəm ki, əgər bu olsa, tezliklə siyasi partiyalar güclənə bilərlər”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə qeyd edib ki, siyasi partiyaların aktivləşməsi demokratik dəyişikliklər və demokratik islahatlar yolu ilə baş tuta bilər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də siyasi partiyaların aktivləşməsi üçün proporsional seçki sistemini bərpa etməyin əhəmiyyətini qeyd edib. O, siyasi partiyaların problemlərdən çıxış yollarının birgə müzakirələrdən keçdiyini vurğulayıb.

Tədbir müzakirələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR