bashliq

bashliq
# 21 iyun 2016 14:07 (UTC +04:00)

İ. Tağıyevin oğlu Sərxan Tağıyev APA-ya açıqlamasında bildirib ki, onun atasının qətlini heç də mətbuata açıqlanan və hazırda məhkəmə qarşısında olan tək etməyib, əsas sifarişçilər azadlıqdadırlar.

Bununla bağlı yeni fotolar və faktlar təqdim edən S. Tağıyev bildirib ki, onun atasının öldürülməsinin əsl səbəbkarı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçəri Şəhər üzrə nümayəndəsi, “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədlinin Ukraynada yaşayan qardaşı 07.01.1977-ci il təvəllüdlü Məmmədov Nazim Məmməd oğlu və onun Eynulla adlı qardaşıdır. O bu şəxslərin qətldən sonra polisdə saxlanılan zaman çəkilən fotolarını da təqdim edərək bildirib ki, onların istintaqdan yayındırılaraq polisdən alınmasını da Xersondakı azərbaycanlılar Konqresinin sədri Əli Kərimov təşkil edib: “Əli Kərimov oğlu Şamxal Kərimovun iştirakı ilə Nazim Məmmədov tutulan günün gecəsi polisdə danışıqlar aparıb onu çıxartdırıb. Bizdə polisdən bunun səbəbini soruşduqda bizə dedilər ki, onu buraxmağımıza səbəb hadisədə digər iştirakı şübhəli bilinən İlham Məmmədovun izinə düşülməsidir. Amma sonradan İlham Məmmədovun Azərbaycanda saxlanılmasından sonra heç Nazimlə maraqlanan da olmadı. Biz Azərbaycana gedib Lənkəranda hazırda ev dustağı olan, qətl ilə bağlı saxlanılan İlham Məmmədovla da görüşdük. O da etiraf etdi ki. atamı Nazim Məmmədovun və həmən o Eynullanın sifarişi ilə öldürüb. Hələ bu azmış kimi Əli Kərimov mətbuata hadisə ilə bağlı açıqlama verəndə onlarına adlarını gizlədir, ancaq tutulan ermənilərdən danışır. Atam onun müavini olub. Burda konqres rəhbəridir. Amma bir dəfə də olsun nəinki azərbaycanlıların qeydinə qalmır, atamın bu qətli ilə bağlı kiməsə nəsə müraciət etmədi, yaxud burda azərbaycanlıları da toplamadı. Ancaq öz oğlu ilə bağlı bu yaxında bir hadisə oldu, azərbaycanlıların adından böyük səs-küy yaratdı. Mənim atamın əsl qatilləri, sifarişçilər Nazim və Eynulla Məmmədovlardır. Onlar buna qədər də müxtəlif-oğurluq və qətl maddəsi ilə həbsdə olublar. Atamı da soymaq məqsədi ilə, fəaliyyətində qısqanclıq məqsədi ilə qətl ediblər”. S. Tağıyev bildirib ki, artıq bu faktlarla bağlı Azərbaycanın Daxili İşlər Nazirliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət də ediblər.

İttihamlara münasibət bildirən Xerson vilayəti azərbaycanlılar Konqresinin sədri Əli Kərimov APA-ya açıqlamasında haqqında deyilənləri qəbul etməyib. Əvvəlcə bununla bağlı ona zəng etməyimizi, açıqlamasını diktofona qeyd etməyimizi qeyri jurnalist etikası adlandıran Ə. Kərimov bildirib ki, ona qarşı bu ittihamı səsləndirənləri Allaha tapşırır: “Mən rəhmətlik İlham Tağıyevlə dost olmuşam, onun qətlindən sonra da əlimdən gələni etmişəm ki, cinayətkarlar tutulsun və tutulan da var. Başqa nə etməliyəm axı? Nazim Məmmədovu polisdən nə mən nə də mənim oğlum çıxartmayıb. Amma çıxarılmasına da gəldikdə deməli günahı təsdiqlənməyib ki, çıxarıblar. Günahı təsdiqlənəcəksə həbs edəcəklər. Bu işdə lap qardaşım belə olsa onun layiqli cəza çəkməsinin tərəfdarıyam. Nazim və Eynulla Məmmədov mənim qohumum deyil, onların öz qohumudur. Mənə şər atırlar. Məni bu Ramazan ayında bu şəri atanlara müqəddəs ay qənim olsun. Sizdən də xahiş edirəm məni bir daha bununla bağlı narahat etməyin. Mənim alınım açıqdır və heç kimin də yanında gözü kölgəliyim yoxdur”.

Hacı Surxay Məmmədlidən isə APA-ya bildirib ki, hadisədən xəbəri yoxdur: “Mən burda öz işlərimlə məşğulam. Heç dediyiniz o qətl hadisəsini eşitməmişəm. Mənim qardaşlarım orda o hərəkəti etməzlər. Onlar cinayətkar deyillər. Əgər belə bir ittiham varsa, göndərsinlər lazım olan qurumlara və onlar araşdırsın. Mənim cinayət törədən qardaşım yoxdur”.

Qeyd edək ki, 2015-ci il avqustun 17-də isə Xerson vilayət azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev evininq arşısında hücuma məruz qalaraq öldürülüb. Onun qətli ilə bağlı milliyyətcə erməni olan Karapetyan Sergey Razmikoviç və Montiyan Xaçik Stepanoviç, o cümlədən bir azərbaycanlı Allahverdiyev Naim Balakişi oğlu saxlanılıb. Ötən il dekabrın 15-də isə daha bir nəfər – İlham Məmmədov Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Lənkəranda İrana keçmək istəyərkən saxlanılıb. Hazırda qətl işi ilə bağlı Xerson şəhərində məhkəmə prosesi gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR