Rusiya ordusu Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində yerləşən iri ticarət mərkəzinə zərbə PUA-ları ilə hücum edib.
APA xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ticarət mərkəzinin binasına ziyan dəyib və yanğın başlayıb.
Məlumata əsasən, ölənlərin sayı 14 nəfərə çatıb, 121 nəfər yaralanıb. Yaralananlar arasında 22 uşaq da var. 29 nəfərin, o cümlədən 5 uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul xilasetmə əməliyyatının davam etdiyini açıqlayıb.
Qeyd edək ki, daha əvvəl 103 yaralının olduğu açıqlanmışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ticarət mərkəzi iki dalğa ilə hücuma məruz qalıb. Onun sözlərinə görə, ilk zərbədən və yanğından təxminən yarım saat sonra xilasedicilərə də təkrar zərbə endirilib. Zelenski hücumu terror aktı adlandırıb və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb.
“Bu, rusların mütləq vəhşiliyidir. Sadəcə vəhşilərdir. Mütləq cavab verəcəyik”, - deyə Zelenski vurğulayıb.
***
19:38
Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərində ticarət kompleksinə dron zərbəsi nəticəsində ölənlərin sayı artıb.
Ukrayna mediasının xəbərinə görə, hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb.
***
19:22
Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərində böyük ticarət kompleksinə dron zərbəsi nəticəsində ölən və xəsarət alanların sayı artıb.
Ukrayna mediasının xəbərinə görə, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Məlumata görə, Rusiyanın hücumu nəticəsində yaralananların sayı isə 91 nəfərdir, onlardan 21-nin vəziyyəti ağırdır.
***
18:45
Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərində böyük ticarət kompleksinə dron zərbəsi nəticəsində xəsarət alanların sayı artıb.
"Unian" xəbər verir ki, hadisə nəticəsində yaralıların sayı 50-yə çatıb.
Xəsarət alanlardan 6 nəfərinin uşaq olduğu bildirilir.
***
18:27
Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərində böyük ticarət kompleksinə dron zərbəsi endirib.
“Ukraynskaya Pravda”nın xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.
Mərkəzdəki mağazalarda yanğın baş verdiyi qeyd olunub.
Ölü və yaralı sayının artacağı istisna edilmir.