Mətbuat Şurası 3 KİV-ə xəbərdarlıq edib

Mətbuat Şurası 3 KİV-ə xəbərdarlıq edib
# 12 avqust 2015 14:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Şuradan APA-ya verilən xəbərə görə, MŞ-nin sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiya 4 müraciəti araşdırıb.

Öncə «Qafqaznews.az» saytı ilə bağlı 2 məsələyə baxılıb. Bakı şəhər sakini Samir Əhmədovun bu kütləvi informasiya vasitəsindən şikayətini doğuran yazı müzakirə olunarkən rəyə gəlinib ki, həmin nümunədə «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın əksər prinsip və bəndlərinin tələbləri pozulub. Belə ki, hədəf kimi götürülən şəxsə qarşı ciddi ittihamlar yer almasına baxmayaraq balans gözlənilməyib, faktların, fikirlərin nə dərəcədə sənədlərə, dəlil-sübutlara söykəndiyinin dəqiqləşdirilməsinə cəhd edilməyib.

Komissiya cavabdehə təkzib,üzrxahlıq, qarşı tərəfin mövgeyinin ifadəsini tapdığı məktubunun dərc olunmasını tövsiyə edib.

«Qafqazinfo.az» internet qəzetinin bu saytla əlaqədar müraciəti araşdırılarkən bir neçə məqama toxunulub. Bildirilib ki, ümumiyyətlə KİV-lərdə oxşar adların mövcudluğu, aralarındakı cüzi fərqlər ictimaiyyətdə məlumat dolaşıqlığı, cəmiyyətdə narazılıq, mediada narahatlıq doğurmaqdadır. Əvvəlki müraciət və bu şikayət də bunun xoşagəlməz nəticələrindən biridir. İclasda təklif olunub ki, Mətbuat Şurası mediada adlarla bağlı konfrans keçirməklə problemin həlli yollarını müəyyənləşdirə bilər.

Komissiya «Qafqaznews.az»ın «Qafqazinfo.az»a yanaşma tərzini qeyri-etik adlandırıb. Bu xüsusda təqdim olunan yazılarda portal rəhbəri Elbrus Ərudun aşağılayıcı ifadələrlə şərəf və ləyaqətinin təhqir olunmasına yönələn fikirlər yer alıb. Beləliklə, peşə davranışı qaydalarının tələbləri ciddi olaraq pozulub, jurnalist etikasına yaraşmayan fikir və ifadələr yayımlanıb. Bütün bunlar nəzərə alınaraq «Qafqaznews.az» saytına Mətbuat Şurasının xəbərdarlığı edilib.

İclasda daha iki KİV-ə Mətbuat Şurasının xəbərdarlığının olunması məqsədə müvafiq sayılıb. Qənaətə gəlinib ki, «Vətənim Azərbaycan» jurnalında Suraxanı Rayon İcra Hakimiyyətinin xəbəri olmadan bu mətbu nəşrin xüsusi buraxılışının ərsəyə gəlməsinin göstərilməsi peşə fəaliyyəti ilə bir araya sığmayan məqama diqqət çəkir. Jurnal gələcək fəaliyyətində bu kimi hallara yol verməməlidir.

«Demokratik Azərbaycan» qəzeti barədə belə ölçü tədbiri isə mətbu nəşrdə 82 yaşlı Gəncə sakini Zahid Kazımov haqqında AJPDQ-nun tələblərinə aşkar sayğısızlıq göstərilən təhqiramiz materialla əlaqədar götürülüb.

Qəzetə şikayətçidən üzr istəmək, təkzib vermək tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR