“Təməl” təqaüd proqramının bağlanış mərasimi keçirilib - FOTO

“Təməl” təqaüd proqramının bağlanış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 18 sentyabr 2015 13:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, UNİCEF və “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan “Təməl” təqaüd proqramının bağlanış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, yeni forma və məzmunda hazırlanmış ixtisasartırma kursunun məqsədi Bakı şəhərində fəaliyyət göstərən məktəblərdə çalışan bir qrup ibtidai sinif müəlliminin peşəkarlıq səviyyəsini yüksəltməkdən ibarətdir.

C. Bayramov qeyd edib ki, təqaüd proqramında iştiraka 114 nəfər maraq göstərib, onlardan 113-ü yekun qiymətləndirmədə iştirak edib, 65 nəfəri imtahandan uğurla keçərək “Təməl” sertifikatına layiq görülüb.

İbtidai təhsil səviyyəsində fəaliyyət göstərən müəllimlərin dərslərinin müşahidəsi, valideynlərlə müsahibə, şagird nəticələrinin təhlili ibtidai sinif müəllimlərinin güclü və zəif tərəflərini müəyyən etməyə imkan verib. Sözügedən ixtisasartırma proqramının modulları həmin təhlilin əsasında hazırlanıb.

İki ay yarım davam edən təlim müddətində müəllimlər ibtidai təhsilin fəlsəfəsi, missiyası, müasir pedaqoji və psixoloji yanaşmalar, metodika və didaktika, sinfin idarə edilməsi, şəxsi inkişaf, vaxtın idarə edilməsi, planlaşdırma, rəqəmsal savadlılıq və s. kimi mövzularda mühazirə və praktik məşğələlərdə iştirak ediblər. Nəzəri və praktik məşğələlərin aparılmasına 20-dən çox mütəxəssis cəlb olunub.

Proqramı uğurla başa vuran iştirakçıların sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR