Müsavat Məclisinin üzvü: “Milli Şuranın mitinqi gözləniləndən zəif keçdi”

Müsavat Məclisinin üzvü: “Milli Şuranın mitinqi gözləniləndən zəif keçdi”
# 16 mart 2015 11:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Milli Şuranın dünənki mitinqi gözləniləndən zəif keçdi, daha kütləvi ola bilərdi. Təəssüf ki, Milli Şura bu mitinqin kütləvi olması üçün vacib olan bir addımı atmadı. Bu da Müsavat Partiyası rəhbərliyi tərəfindən onlara dəstək məqsədilə edilən müraciətə cavab verilməməsi idi”.

Bu sözləri APA-ya açıqlamasında Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli deyib.

M. Hacıbəyli mitinq məsələsində Milli Şuranın Müsavat Partiyasını qabaqlamasına münasibət bildirərək bunun prinsipial məsələ olmadığını söyləyib: “Müsavat Partiyası öz partiya maraqlarından yox, demokratik düşərgənin və dövlətin maraqlarından çıxış edir. Kimlərsə Müsavat Partiyası ilə yarışda önə keçmək xəttini seçiblərsə, onlara uğurlar arzu edirik. Bunlar bizim üçün prinsipial məsələlər deyil. Müsavat Partiyası Mili Şuranın istər ötən ilin son aylarında, istərsə də sonuncu mitinqinə dəstək verib. Biz bundan sonrakı mərhələdə də mübarizənin genişlənməsinin tərəfdarıyıq və demokratik düşərgədə olan hər bir qüvvə ilə əməkdaşlığa hazırıq”.

M. Hacıbəyli qeyd edib ki, Milli Şuranın əvvəlki mitinqi ilə müqayisədə, martın 15-də keçirilən aksiya daha kütləvi olsa da, gözləntilər özünü doğrultmadı: “Manatın devalvasiyası və bundan doğan iqtisadi böhran əhali tərəfindən mənfi qarşılanıb. Ona görə də mən gözləyirdim ki, bu aksiya daha kütləvi olacaq. Amma gözləntilərimiz özünü doğrultmadı. Yəni hazırda ictimai rəydə olan tələbatın fonunda bu mitinq gözlədiyimizdən zəif keçdi”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı isə M. Hacıbəylinin fikirlərinə münasibət bildirmək istəməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR