Moskvada "Bakı-birinci Avropa oyunlarının paytaxtı" adlı fotosərgi açılıb - FOTOSESSİYA

Moskvada "Bakı-birinci Avropa oyunlarının paytaxtı" adlı fotosərgi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 08 iyun 2015 16:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında I Avropa Oyunlarına həsr olunmuş "Bakı-birinci Avropa oyunlarının paytaxtı" adlı fotosərgi açılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, fotosərgi Rusiya Dövlət Dumasında təşkil olunub.

Fotosərginin təşkilatçıları qismində Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupu, Azərbaycan Prezident Administrasiyası və Rusiya-Azərbaycan Dostluq Mərkəzi çıxış ediblər.

Sərgini açan Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyev bildirib ki, bu fotosərgidə Azərbaycanın iqtisadi möcüzəsinin nəticələri Avropa oyunlarının hazırlıq prizmasından açıq-aydın görünür: "Fotosərgi ziyarətçilərə təkcə müasir idman infrastrukturu ilə tanışlığı deyil, eləcə də Azərbaycanın inkişafını, arxitektura, xalq təsərrüfatı, ənənəvi mədəniyyətin və təbii abidələrin qorunduğunu nümayiş etdirir. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti və onun siyasi kursunun uğurlu davamçısı olan prezident İlham Əliyevin sayəsində mümkün olub".

Rusiyalı deputat qeyd edib ki, sərginin əsas ideyası Azərbaycanın iqtisadi inkişaf potensialının artımını, bazar islahatlarının nəticələrini və Avropa Oyunları ilə bağlı hazırlıq işlərini göstərməkdən ibarətdir.

"Mən hər dəfə Bakıya gedəndə, bu şəhərdəki dəyişikliklərdən valeh oluram. Bakıda keçiriləcək Avropa Oyunları böyük tarixi hadisədir. Azərbaycanın uğuruna şübhə yoxdur. Bu ölkə hər bir layihədə zəngin zövqü ilə seçilir. Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə əminəm. Mən Azərbaycana qələbələr arzulayıram. Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında çox qısa müddətdə böyük işlər görülüb. Biz çox şadıq ki, belə böyük miqyaslı idman tədbiri bizim qonşumuz, dostumuz və tərəfdaşımız olan Azərbaycan ərazisində keçirilir".

Tədbirdə çıxış edən Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovskaya isə bildirib ki, fotosərginin keçirilməsində əsas məqsəd paytaxt sakinlərinə və Moskvaya gələn qonaqlara I Avropa Oyunları ilə bağlı ətraflı məlumat verməkdir: "Birinci Avropa Oyunları dünya idman tarixinə yazılan fantastik səhifədir. Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında qısa müddətdə Bakıda mümkün olunmayan işlər görülüb. Bizim sərgi Bakının gözəlliyini, Azərbaycan xalqının qonaqpərvərliyini göstərir".

Rusiya Dövlət Dumasının deputatı, əməkdar idman ustası, dünya şöhrətli tennisçi Marat Safin isə I Avropa Oyunlarının Azərbaycan üçün böyük piar olduğunu söyləyib. O, Avropa Oyunlarının təşkilatçılarına və iştirakçılarına uğurlar arzulayıb: "Arzu edirəm ki, Azərbaycanın böyüklüyü haqqında bütün dünya bilsin və bütün azərbaycanlılar öz ölkələri ilə hər zaman fəxr etsinlər".

Öz növbəsində rusiyalı gimnast, olimpiya, dünya və Avropa çempionu Tatyana Qorbunova Bakını və Azərbaycanı çox sevdiyini bildirib: "Bu ölkə haqqında çox gözəl xatirələrim var. Azərbaycanda idmanın inkişafına göstərilən qayğı və diqqət məni heyran edir".

Azərbaycan və Rusiya gimnastika federasiyalarının sıx əməkdaşlığı haqqında danışan T. Qorbunova keçən il Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında iştirak etdiyini söyləyib: "Bu çempionat yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycanın Milli Gimnastika Arenası kimi gimnastika mərkəzi heç bir Avropa şəhərində yoxdur. Birinci Avropa Oyunlarının da yüksək səviyyədə keçiriləcəyinə əminəm".

Qeyd edək ki, "Bakı-birinci Avropa oyunlarının paytaxtı" adlı fotosərgi iyun ayının 11-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR