Bakıda ana ölümlərinin səbəbləri və qabaqlayıcı tədbirlərlə bağlı təlim keçirilib

Bakıda ana ölümlərinin səbəbləri və qabaqlayıcı tədbirlərlə bağlı təlim keçirilib
# 07 iyun 2016 09:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Türkiyənin Zeynəb Kamil qadın və uşaq xəstəlikləri təhsil və araşdırma xəstəxanasının baş həkimi Ateş Karateke ana ölümləri ilə bağlı təlim keçirib.

APAnın xəbərinə görə, təlimdə respublikanın doğuşa yardım xidmətində çalışan mama-ginekoloqlar iştirak edib.

Təlimin açılışında ADHTİ-nin rektoru Nazim Qasımov bildirib ki, Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması ən prioritet sahələrdəndir. Onun sözlərinə görə, daim diqqət və nəzarət altında olan bu sahədə kadr hazırlığı, maddi-texniki bazanın yüksəlməsi, xarici əlaqələrin yaxşılaşması istiqamətində son illərdə bir çox nailiyyətlər əldə edilib: “Həyata keçirilmiş tədbirlər nəticəsində respublikada ana və körpə ölümü göstəriciləri azalıb. Lakin ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı problemlər bu gün də mövcuddur. Belə ki, perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlığının təmin edilməsi, beynəlxalq diri doğulma meyarlarına keçid vasitəsilə perinatal və uşaq statistik göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, doğuşa yardım xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatının yaxşılaşdırılması və digər məsələlərin həyata keçirilməsi vacib olan tədbirlərdir. Bütün bunlar prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub”.

N.Qasımov qeyd edib ki, respublikada ana ölümlərini azaltmaq məqsədi ilə qardaş Türkiyədə tətbiq olunan “Təxirəsalınmaz mamalıq hadisələrində baş verən qanaxmalarda cərrahi müdaxilə layihəsi”ndən nümunə kimi istifadə edilib. Onun sözlərinə görə, bu layihənin “Anadolu Kuzey Kamu Hastaneler Birligi”ndə tətbiqi nəticəsində Türkiyənin ən yüksək ana ölümü olan orta Anadolu bölgəsində ana ölümləri və travmaları əhəmiyyətli dərəcədə azalıb.

Zeynəb Kamil qadın və uşaq xəstəlikləri təhsil və araşdırma xəstəxanasının baş həkimi, layihənin koordinatoru Ateş Karateke isə bildirib ki, azərbaycanlı həmkarlarından öyrəniləcək bir sıra məsələlər var. Ana ölümünün qəbuledilməz bir hal olduğunu deyən A.Karatekenin sözlərinə görə, bu hallara qarşı qabaqlayıcı tədbirlər görülərsə bu halların qarşısını almaq olar: “Hazırda Türkiyədə ana ölümü hər 100 min hamiləlikdə 13.7%-dir. 90-cı illərdə isə bu rəqəm hər 100 min hamiləlikdə 70-100% idi. Görülən işlər nəticəsində bu göstərici xeyli azalıb. Ana ölümlərini heç bir ölkədə 0%-ə enməyib. Türkiyədə ana ölümün əsas səbəbləri 16% qanama, 15% hamiləlik toksikozu, 6% emboliya, 5% digər səbəblər, 2% isə infeksiyalarla əlaqəlidir. Azərbaycan da apardığımız söhbətlər nəticəsində qardaş ölkədə də vəziyyətin belə olduğu bildirilib. Bu sahədə inkişafa nail olmaq üçün Azərbaycanda həkimlərdən öyrənəcəyimiz bir sıra işlər var. Türkiyə-Azərbaycan həkimlərinin bu sahədə qarşılıqlı əməkdaşlıq etməsi, fikir mübadiləsinin aparılması bu sahənin inkişafına mühüm təkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR