Polis rəisi: "Həmin şəxslərin saxlandığı yer Hadı Rəcəbliyə məxsus deyil"

Polis rəisi: "Həmin şəxslərin saxlandığı yer Hadı Rəcəbliyə məxsus deyil"
# 06 aprel 2015 09:04 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Lənkəranda quldurluq hadisəsi törədən qrupun daha iki üzvü tutulub. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) rəisi Möhübbət Hüseynovun APA-ya verdiyi məlumata görə, martın 29-da Lənkəran şəhərində 4 naməlum şəxs Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi döyərək onlardan 1400 manat pul alıb.

ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da hadisəni törətməkdə şübhəli bilinən Lənkəranın

Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov və Famil Babazadə tutulublar. Polis rəisi bildirib ki, Lənkəran rayonu ərazisində mart ayının 31-də keçirilən əməliyyat zamanı hadisədə iştirak edən digər iki nəfər - Ələsgər Rahim oğlu Həsənzadə və Seyidağa Böyükağa oğlu da yaxalanıb.

M. Hüseynov bəzi KİV-də həmin şəxslərin saxlandığı “Palıdlı Sahil” restoranının deputat Hadi Rəcəbliyə məxsus olması barədə yayılan məlumatları da təkzib edib. Polis rəisi onu da əlavə edib ki, nə bu işlə bağlı, nə də əvvəllər Hadi Rəcəbli ona müraciət etməyib və bu məsələ ilə də heç bir formada maraqlanmayıb.

Qeyd edək ki, APA məlum hadisə ilə bağlı martın 30-da Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb.Məlumata əsasən, martın 29-da Lənkəran şəhərində şəxsiyyəti məlum olmayan 4 nəfər Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi zorla “Chevrolet” markalı avtomobilə oturdub Aşağı Nüvədi kəndinə apararaq döyüb və bıçaqla hədələyərək onlardan 1400 manat alıb.

Keçirilən əməliyyat nəticəsində hadisəni törədənlərdən Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov və Famil Babazadə tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR