Azərbaycanda ötən il nikahları rəsmi qeydə alınmış 18 yaşadək qız və oğlanların sayı açıqlanıb

Azərbaycanda ötən il nikahları rəsmi qeydə alınmış 18 yaşadək qız və oğlanların sayı açıqlanıb
# 02 avqust 2014 08:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda nikahları rəsmi qeydə alınmış 18 yaşadək bəy və gəlinlərin sayı açıqlanıb.

APA-nın xəbərinə görə, Dövlət Statistika Komitəsi tərəfindən nəşr olunan “Azərbaycan uşaqları” statistik məcmuədə qeyd olunub ki, ötən il ölkədə rəsmi qeydiyyata alınan nikahların sayı 86 852 olub. Rəsmi qeydə alınmış nikahlardan 18 yaşadək bəylərin sayı 2, gəlinlərin sayı isə 229 nəfər olub.

Son illər ölkədə nikaha daxil olanların sayında nəzərəçarpacaq azalma müşahidə olunub. Bunun da əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin qadınlarda və kişilərdə 18 yaş müəyyən edilməsidir.

Azərbaycanda 18 yaşadək uşaqları olan ailələrdə rəsmi orqanlar tərəfində qeydə alınmış boşanmaların sayı da açıqlanıb. Bildirilib ki, ötən il bu rəqəm 11 730 olub. Boşanan ailələrdən 7 972-nin uşağı olmayıb, 1 921-nin bir uşağı, 1 837-nin isə iki və daha çox uşağı olub. Boşanma nəticəsində 6 028 uşaq valideynlərindən biri ilə qalıb. Ölkədə hər 100 boşanmaya düşən uşaqların ümumi sayı isə 160 nəfərdir.

Rəsmi orqanlar tərəfindən qeydə alınmış nikah və boşanmaların ümumi əmsallarına gəlincə, qeyd olunub ki, ötən il əhalinin hər 1 000 nəfərinə 9.3 nikah, 1.3 boşanma düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR