Azərbaycan şirkətləri Serbiyada həyata keçirilən layihələrdə iştiraka dəvət edilib

Azərbaycan şirkətləri Serbiyada həyata keçirilən layihələrdə iştiraka dəvət edilib
# 15 aprel 2015 05:19 (UTC +04:00)

Bakı-APA. Serbiyanın baş naziri Aleksandr Vuçiç Azərbaycan şirkətlərini ölkəsində həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. APA-nın məlumatına görə, bunu Serbiyanın baş naziri Aleksandr Vuçiç Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ötən gün keçirilən Azərbaycan-Serbiya işgüzar görüşü zamanı deyib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları da iştirak edib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanla Serbiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətli rol oynadığını qeyd edib.

Bildirilib ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti, iş adamlarının iştirakı ilə keçirilən biznes forum və dəyirmi masalar əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır. Hazırda Azərbaycan şirkətləri Serbiyada, Serbiya kapitallı şirkətlər isə ölkəmizdə uğurla fəaliyyət göstərir, investisiya qoyuluşu həyata keçirilir.

Nazir Şahin Mustafayev hər iki tərəfin iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Təsadüfi deyil ki, Serbiyanın baş naziri Aleksandr Vuçiç Azərbaycana səfər proqramına iş adamları ilə görüşü də daxil edilib.

Aleksandr Vuçiç Azərbaycan və Serbiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, ölkəsinin iqtisadiyyatı və iş adamları üçün yaradılmış imkanlar barədə məlumat verib. Serbiya və Azərbaycan arasında ticarət-iqtisadi və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışan baş nazir Azərbaycanın “AzVirt” şirkətinin Serbiyada uğurla fəaliyyət göstərdiyini qeyd edib, digər Azərbaycan şirkətlərini də tikinti, kənd təsərrüfatı, kimya və digər sahələrdə həyata keçirilən layihələrdə, Serbiyada aparılan özəlləşdirmə prosesində fəal iştiraka dəvət edib. Bundan başqa, ticarət dövriyyəsinin artırılması üçün də geniş potensialın olduğu qeyd olunub. Baş nazir qeyd edib ki, ilin sonuna qədər Bakı-Belqrad aviareysi açıla bilər, bu isə turizm sahəsində əlaqələrin inkişafında əhəmiyyətlidir.

İşgüzar görüşdə Azərbaycan və Serbiya arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR