Bakı 2015 Avropa Oyunları güləş idman növü üzrə nümayiş keçirib - FOTO

Bakı 2015 Avropa Oyunları güləş idman növü üzrə nümayiş keçirib - <span style="color: red;">FOTO
# 30 oktyabr 2014 07:48 (UTC +04:00)

Bakı - APA. Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının altı nəfər üzvünün iştirakı ilə güləş idman növünün nümayişi keçirilib.

APA-nın xəbərinə görə, güclü idmançılar bir sıra yoldaşlıq oyunlarında işçi heyətinin 500 nəfərdən çox üzvü qarşısında öz bacarıqlarını və texniki fəndlərini nümayiş etdiriblər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, güləş gələn il keçiriləcək İlk Avropa Oyunlarında çox populyar idman yarışı olacaq: “Gərgin iş qrafiki ilə vaxt ayırıb bacarıqlarını bizim əməkdaşlarımıza nümayiş etdirdikləri üçün Azərbaycan Güləş Federasiyasına minnətdarlığımızı bildiririk. Azərbaycanın bir sıra gənc idmançılarının ofisimizə gəlməsi bizim üçün şərəf oldu”.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov bildirib ki, gənc idmançılar Bakı 2015 komandasının üzvlərinə öz istedadlarını nümayiş etdirmək imkanı əldə ediblər: “Biz gələn il keçiriləcək Bakı 2015 Avropa Oyunlarında öz ölkəmizi təmsil etməyi böyük səbirsizliklə gözləyir və Oyunlar başlayanda bütün Azərbaycanın qürur hissi duyacağına ümid edirik”.

Kişilər üzrə Sabutay Amışov və Fizuli Hüseynov (sərbəst güləş), İsmayıl Məmmədov və Pərvin Abdullayev (Yunan-Roma güləşi), qadınlardan isə Sahilə Ocaqverdiyeva və Adelina Mirzəyeva güləş idmanı nümayişində iştirak etmiş yeniyetmə güləşçilər idi.

Gələn il baş tutacaq Avropa Oyunlarında güləş idmanı üzrə yarışlar altı gün müddətində Heydər Əliyev adına arenada keçiriləcək və orada təxminən 480 idmançı 24 qızıl medal uğrunda mübarizə aparacaq.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq edərək, Oyunları təşkil və idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR