Kür və Araz çaylarının çirklənmə vəziyyətinə dair monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz çaylarının çirklənmə vəziyyətinə dair monitorinqlərin nəticələri açıqlanıb
# 14 aprel 2015 08:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Aprelin I ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarında, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən monitorinqlərin nəticələri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən APA-ya verilən məlumata görə, aprelin I ongünlüyündə Kür çayında suyun sərfi mart ayının III ongünlüyünə nisbətən 98 m3/san artaraq, 275 m3/san təşkil edib.


Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.8, Ağstafaçayda 3.5, Ağstafaçay su anbarında isə 4 dəfə yol verilən qatılıq həddini (YVQH), Araz çayı üzrə Horadizdə 3.8, I Şahsevəndə 3.9, Bəhramtəpədə isə 3.5 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.21-7.16 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR