Lənkəranda açıq ürək əməliyyatı icra olunub - FOTO

Lənkəranda açıq ürək əməliyyatı icra olunub - <span style="color: red;">FOTO
# 27 aprel 2013 12:21 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın cənub bölgəsində bir həftəlik növbəti xeyriyyə aksiyasına start verilib. APA-nın cənub bürosunun məlumatına görə, Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş aksiya çərçivəsində Lənkəran rayonunda Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyyəsi mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudovun başçılıq etdiyi həkim briqadası tərəfindən bir sıra açıq ürək əməliyyatlarının icra olunması da nəzərdə tutulub.

Aprelin 27-də Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzində aksiyanın proqramına müvafiq olaraq Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyi tərəfindən “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” adlı VII regional elmi-praktiki konfrans keçirilib. Tədbirdə ürək-damar xəstəliklərinə dair müxtəlif mövzular, dünya səhiyyə aləmində bu sahədə əldə edilən ən son nailiyyətlər müzakirə olunub. Konfrans zamanı açıq ürək əməliyyatının həyata keçirildiyi əməliyyat otağından görüntülər birbaşa zalda quraşdırılmış monitorlar vasitəsi ilə tədbir iştirakçılarına çatdırılıb. Eyni zamanda əməliyyatı icra edən cərrahlar tərəfindən iştirakçıları maraqlandıran suallar da cavablandırılıb. Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

“Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” adlı VII regional elmi-praktiki konfransın davamı isə aprelin 29-da Astara Mərkəzi Rayon Xəstəxanasında baş tutacaq.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyyəsi mərkəzinin rəhbəri Rəşad Mahmudovun başçılıq etdiyi həkim briqadası dünən və bu gün anadangəlmə ürək qüsuru olan ümumilikdə 6 uşaq üzərində açıq cərrahiyyə əməliyyatı aparıb. Uğurla başa çatan bütün əməliyyatlar monitorların köməyi ilə birbaşa izlənilib.

Həkim briqadası sabah isə Osman Mirzəyev adına Lənkəran qarışıq tipli uşaq evində 52 uşağın ürək müayinələrini həyata keçirəcək. Bundan əlavə, xeyriyyə aksiyası müddətində 200-ə yaxın xəstənin müayinə və müalicə olunması da nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR