Nazirlik: Bu il ali məktəblərə qəbul olmuş paytaxt məzunların həm sayı, həm də faiz göstəricisi artıb

Nazirlik: Bu il ali məktəblərə qəbul olmuş paytaxt məzunların həm sayı, həm də faiz göstəricisi artıb
# 17 noyabr 2014 12:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2014–2015-ci tədris ili üçün Bakı şəhərinin ümumtəhsil məktəbləri şagirdlərinə 191 adda 1876247 nüsxə dərslik və müəlimllər üçün 74 adda 50846 metodiki vəsait çap edilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatda qeyd olunub ki, cari tədris ili üçün təhsil müəssisələri dərsliklərlə tam təmin olunub. X siniflər üzrə 27 adda 105570, XI siniflər üzrə isə 31 adda 319459 nüsxə dərslik çap edilib. Digər siniflər üzrə də bu proses müəyyən faizlərlə həyata keçirilib və ehtiyacı ödəyəcək sayda dərsliklər məktəblərə paylanılıb.

Hesabat ili ərzində BŞTİ-nin tabeçiliyində olan məktəblərdən 28 nəfər qızıl, 1 nəfər gümüş medala layiq görülüb. Ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb. Belə ki, 2013-cü il ilə müqayisədə ali təhsil müəssisələrinə qəbul olmuş məzunların həm sayı, həm də faiz göstəricisi (ümumi məzun sayına nisbətdə müvafiq olaraq 2013-cü ildə 20.041 məzundan 9.397 nəfər, 2014-cü ildə isə 19.684 məzundan 10.100 nəfər) 46.88%-dən 51,31%-dək artıb. Eksternat imtahanının nəticələrinə görə, 92 nəfər attestat, 21 nəfər şəhadətnamə alıb.

I sinfə şagird qəbulu Təhsil Nazirliyinin təlimati məktubuna uyğun olaraq aparılıb. Son illər ümumtəhsil məktəblərinin I siniflərində şagird qəbulunun sayı artmaqda davam edir. 2014-2015-ci dərs ilində I sinfə 41946 nəfər şagird qəbul olunub və 1557 sinif açılıb. Xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu prosesinin (elektron ərizələrin qəbulu, bildirişlərin göndərilməsi, cavabarın saytda yerləşdirilməsi) www.bakuedu.az saytı vasitəsi ilə aparılması bu tədris ilinin yeniliklərindəndir. Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə keçirilən müsahibədə bu il 3434 nəfər iştirak edib. Müsahibələrdə iştirak edən uşaqların 1893 nəfəri I sinfə qəbul olub, 1541 nəfəri isə müsahibədən keçə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR