Əbülfəs Qarayev Mingəçevir Şəhər Tarix Muzeyinin yeni binasının açılış mərasimində iştirak edib - FOTOSESSİYA

Əbülfəs Qarayev Mingəçevir Şəhər Tarix Muzeyinin yeni binasının açılış mərasimində iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 15 iyul 2015 14:42 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir Şəhər Tarix Muzeyi yeni müasir bina ilə təmin olunub. APA-nın yerli bürosunun xəbərinə görə iyulun 15-də şəhərin Heydər Əliyev parkında yerləşən muzey binasının açılış mərasimi olub. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov çıxış edib. Nazir Əbülfəs Qarayev bildirib ki, ötən ay ölkəmiz birinci Avropa Oyunlarına ev sahibliyi edib, Azərbaycan bir daha öz inkişafını, tərəqqisini, xalqımızın mədəniyyətini, turizm və idman sahəsindəki uğurlarını, qonaqpərvərliyini bütün dünyaya nümayiş etdirib. Bakı ilə yanaşı Mingəçevirdə keçirilən ilk Avropa Oyunlarının iştirakçıları, rəsmi qonaqlar və turistlər öz ölkələrinə xoş təəssüratlarla qayıdıblar. Bu mötəbər yarışlardan sonra yaxın gələcəkdə ölkəmizə çoxsaylı turistlərin gəlişi gözlənilir. Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə ölkəmizdə turizmin daha da inkişafı üçün geniş tədbirlər görülür. Bundan əlavə ölkəmizin şəhər və rayonlarında tarix-diyarşünaslıq muzeyləri, görkəmli şəxsiyyətlərin ev muzeyləri, xatirə muzeyləri fəaliyyət göstərir. Turistlərin həmin mədəniyyət ocaqlarına marağını cəlb etmək üçün onların yeni inzibati binalarla təmin olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər görülür.

Nazir qeyd edib ki, Mingəçevir şəhərinin ərazisi qədim və zəngin tarixə malikdir. Burada turizmin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Mingəçevir şəhər Tarix Muzeyinin fəaliyyətinə xüsusi önəm vermək lazımdır. Çünki, bura regionda ən çox eksponatı olan muzeydir. Bu muzeyə turistlərin marağı da böyükdür. Qədim Mingəçevirin tarix və mədəniyyətini özündə əks etdirən bu muzeyin yeni bina ilə təmin olunması Prezident İlham Əliyevin Azərbaycanda milli mədəni irsin qorunması və təbliğ olunması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq görülən işlərin tərkib hissəsidir. Nazir Əbülfəs Qarayev məlumat verib ki, 1968-ci il yanvarın 11-də cəmi 50 eksponatla fəaliyyətə başlayan Mingəçevir Şəhər Tarix Muzeyində hazırda 15 mindən artıq eksponat sərgilənir. Qədim və müasir Mingəçevir bölmələrindən ibarət olan muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir.

Muzeyin direktoru Nofər Məmmədəliyevin sözlərinə görə 1946-53-cü illərdə görkəmli arxeoloq alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış arxeoloji qazıntılar zamanı Eneolit dövründən başlayaraq (e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri əks etdirən 20 minə qədər maddi-mədəniyyət nümunələri aşkarlanıb. Bunların arasında katakomba, taxta qutu və küp qəbirlər, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri vardır. Bu eksponatlar tədqiqat üçün AMEA-nın Tarix İnstitutuna göndərilib. Həmin maddi-mədəniyyət nümunələrindən yalnız 50-si Mingəçevirdə eksponat kimi saxlanılıb. Bu əşyalar əsasında formalaşdırılan muzey sonrakı illərdə daha da genişlənib. Hazırda muzeydə Mingəçevir ərazisinin qədim flora və faunasını əks etdirən ekspozisiyalar, 1946-53-cü illərdə aparılan arxeoloji qazıntı işləri zamanı çəkilən foto-şəkillər, Mingəçevir İstilik Elektrik Stansiyasının tikilməsi ilə bağlı foto-şəkillər, Mingəçevir Su Elektrik Stansiyasının maketi, XIX-XX əsrə aid təsərrüfat və məişət qabları, həmin dövrə aid Azərbaycan qadını və kişisinin milli geyimləri maraq doğurur. Muzeyin müasir Mingəçevir şöbəsində isə XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının yaranması tarixindən indiyə qədərki ictimai-siyasi hadisələri əks etdirən ekspozisiyalar da diqqəti cəlb edir.

Muzeydə 20 Yanvar və Xocalı faciələrinə aid materiallar da nümayiş olunur.

Məlumata görə, hər il Mingəçevir şəhər Tarix Muzeyini və Şəhidlərin Xatirə Muzeyini 40 minə yaxın qonaq ziyarət edir. Çıxışlardan sonra muzeyin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, muzeyə baxış keçirilərək eksponatlarla tanışlıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR