Təhsil Nazirliyinə vətəndaşların daha çox hansı problemlərlə bağlı müraciət etdiyi açıqlanıb

Təhsil Nazirliyinə vətəndaşların daha çox hansı problemlərlə bağlı müraciət etdiyi açıqlanıb
# 01 iyun 2015 13:28 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8285 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 2 dəfə çox) və Kommutator xidmətinə 3500-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4326 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 757 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1346 sənəd (394 ərizə, 829 məktub, 123 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramında iştirakı, qriflərin verilməsi və attestatların alınması ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (1863 zəng) və cümə (2060 zəng) günləri əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1037 müraciət) və cümə (1052 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR