Gəncədə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir

Gəncədə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir
# 24 avqust 2015 11:12 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq, təşkil edilən kurslar üç gün davam edəcək. Gəncə şəhərindəki 37 saylı Nizami birinci və 38 saylı Nizami ikinci Seçki Dairələrində keçirilən kurslarda mühazirələr dinlənilib, seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması, seçki prosesində kütləvi informasiya vasitələrinin iştirakı və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması barədə müzakirələr aparılıb. MSK-nın katibi Arifə Muxtarova və MSK-nın media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli də tədbirdə çıxış ediblər.

Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu və onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri də müzakirə mövzusu olub.

Kurslarda dairə seçki komissiyalarının üzvlərini və məntəqə seçki komissiyalarının sədrlərini maraqlandıran suallar cavablandırılıb.

Sonra seçici siyahıları ilə iş qaydası ilə bağlı seminar keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR