Siyavuş Novruzov: “Rüstəm İbrahimbəyovu Rusiya xüsusi xidmət orqanları ortaya atıb”

Siyavuş Novruzov: “Rüstəm İbrahimbəyovu Rusiya xüsusi xidmət orqanları ortaya atıb”
# 30 aprel 2013 16:33 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Rüstəm İbrahimbəyovu Rusiya xüsusi xidmət orqanları ortaya atıb. Müəyyən layihələr var ki, Azərbaycan ümumxalq mənafelərini nəzərə alaraq o layihələrdə iştirak etmir. Bunlar Vahid Gömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və digər layihələrdir. Biz onlara qoşulmayacağıq. Azərbaycan prezidenti də bunu deyib. Bunlar xalqın maraqlarına zidd olan məsələlərdir. Buna qarşı axıra qədər dayanacağıq”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşı yox, Rusiya vətəndaşıdır: “Rusiya vətəndaşının isə Azərbaycan haqqında nə danışdığı maraqlı deyil. Bu onun sözləri deyil, onu ortaya salan qüvvələr var. Rüstəm İbrahimbəyov Rusiyanın xüsusi xidmət orqanlarına işləyir. Amma onlar Azərbaycanda heç nə edə bilməyəcəklər”.

S. Novruzov qeyd edib ki, Azərbaycanın ən çətin vaxtlarında, 1990-cı illərin əvvəllərində, ondan sonrakı dövrlərdə, Ermənistan torpaqlarımızı işğal edəndə, Xocalı soyqırımı baş verəndə, Azərbaycanın informasiya blokadasına alındığı və ziyalı dəstəyinə böyük ehtiyac duyulduğu zamanlarda Rüstəm İbrahimbəyov Moskvada otururdu: “Həmin vaxt o, Azərbaycan həqiqətləri haqda bir kəlmə də danışmayıb, bir məqalə də yazmayıb, iş görməyib. O dövrdə mərkəzi televiziya vardı və orada yalnız ermənilərin təbliğatı gedirdi. Halbuki bu sahə, televiziya sahəsi Rüstəm İbrahimbəyova yaxın sahə idi. Azərbaycan çiçəklənən zaman birdən onun azərbaycanlı olduğu yadına düşüb, ya da kimsə onun yadına salıb və ölkəmiz haqda danışmağa başlayıb. Təbii ki, bunlar Rüstəm İbrahimbəyovun fikirləri deyil, onu ortaya atan qüvvələr var. Bunların hamısı bizim üçün aydındır. İndi hərəsi bir tərəfdən yavaş-yavaş meydana çıxırlar. Neçə ildir xidmət etdikləri xüsusi xidmət orqanları bunları atıb ortaya və əvvəlki fəaliyyətlərini davam etdirirlər. Azərbaycanda Rüstəm İbrahimbəyovun yubileyləri keçiriləndə ölkənin iqtisadi vəziyyəti indikindən ağır idi, quruculuq-abadlıq işləri indiki səviyyədə getmirdi, ölkənin gəlirləri az idi, dövlət büdcəsi 1 milyard dollar da deyildi. İndi dövlət büdcəsi 25 milyard dollardır. Bu vəsaitlər əhalinin sosial problemlərinin həllinə, insanların yaxşı yaşamasına, yeni iş yerlərinin açılmasına, beş mindən artıq gəncin xaricdə təhsil almasına xərclənir. Rüstəm İbrahimbəyov nədən narazıdır, nədən narahatdır? İndiyədək bir azərbaycanlını da rejissor kimi yetişməsi üçün Rusiyaya aparmayıb, orada yaxşı universitetlərdə oxumasına himayədarlıq etməyib, təhsil haqqına kömək etməyib. Azərbaycan üçün bir nəfər yaxşı rejissor, sənətkar yetişdirməyib”.

S. Novruzov Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Meydiyevin İrandakı keçirdiyi görüşlər zamanı Azərbaycanın bayrağının olmamasından da danışıb: “Rəsmi görüşlərdə dövlət başçıları iştirak edirsə, o zaman bayraq qoyulur. Digər görüşlərdə, məsələn, parlament üzvlərinin görüşləri zamanı bayraq asılmır. Yadınızdadırsa, Aydın Mirzəzadə ilə Kiprin parlament sədri arasında qalmaqalı olmuşdu. Aydın Mirzəzadə məsələ qaldırmışdı ki, niyə Azərbaycan bayrağı yoxdur? Parlament sədrləri görüşürlərsə, onda bayraq olur. Azərbaycanın Konstitusiyası var və orada vəzifələr ardıcıllıqla göstərilib”.

S. Novruzov həbsdə olan sabiq deputat Gülər Əhmədovanın parlament sədrinə müraciətinə münasibət bildirərkən deyib ki, məsələni hüquq-mühafizə orqanları araşdırır və ekspertiza buna qərar verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR