AMEA elmi müəssisə və təşkilatları üçün doktoranturaya qəbul imtahanları gələn həftə başa çatacaq

AMEA elmi müəssisə və təşkilatları üçün doktoranturaya qəbul imtahanları gələn həftə başa çatacaq
# 30 oktyabr 2014 12:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2014-cü il üzrə AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları yaxın 1 həftə ərzində yekunlaşacaq.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli APA-ya açıqlamasında deyib ki, doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsa­biqə əsasında qəbul olunurlar.

Onun sözlərinə görə, doktoranturaya qəbul olmaq istəyənlər birinci mərhələdə ixtisas fənnindən, ikinci mərhələdə isə xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər: “Qəbul imtahanlarının birinci mərhələsi artıq başa çatıb. Doktoranturaya qəbul olmaq istəyənlər üçün ixtisas fənnindən imtahanlar yekunlaşıb. İkinci imtahan - xarici dildən və fəlsəfədən imtahanlar isə yaxın günlərdə başlayacaq. Ümumilikdə, doktoranturaya qəbul imtahanları gələn həftənin sonuna kimi hər iki imtahan başa çatacaq”.

Qeyd edək ki, doktoranturaya sənədlər sentyabr ayının 30-dək qəbul edilib. Qəbul imtahanları cari ilin oktyabr ayında keçirilib. Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxsl­ərə Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli mə­zu­niyyət verilir. İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə təmin olunurlar, amma yataqxana ilə təmin edilmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR