Azərbaycanda qeyri-həyat sığortası bazarı azalıb

Azərbaycanda qeyri-həyat sığortası bazarı azalıb
# 18 dekabr 2014 08:08 (UTC +04:00)

Bakı. APA-Economics – Musa Əhmədov. Bu ilin yanvar - noyabr aylarında Azərbaycanda sığorta haqlarının 291,1 mln. manatı və ya 76%-i qeyri-həyat sığortasının payına düşüb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 14 mln. manat və ya təxminən 4,6% azalıb.

Qeyri-həyat sığortası üzrə yığımların 21%-i və yaxud 61,3 mln. manatı tibbi sığortanın, 22,3%-i və ya 64,8 mln. manatı avtomobillərin icbari sığortasının, 11,9%-i və ya 34,5 mln. manatı kasko sığortanın, 10,5%-i və ya 30,4 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,5%-i və ya 16,1 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

2014-cü ilin 11 ayında sığorta bazarındakı ödənişlərin 81,3%-i və ya 116,7 mln. manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 9,7 mln. manat və ya təxminən 9,1% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,9%-i və ya 44,2 mln. manatı tibbi sığortanın, 22,1%-i və ya 25,8 mln. manatı kasko sığortanın, yəni 23,4%-i və ya 27,2 mln. manatı avtomobillərin icbari sığortasının, 6,1%-i və yaxud 7,1 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,5%-i və ya 1,8 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 40 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar - noyabr aylarında 35 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR