Müdafiə sənayesi naziri: “Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla keçirilib"

Müdafiə sənayesi naziri: “Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla keçirilib"
# 11 iyul 2016 23:39 (UTC +04:00)

Bakı-APA. “Cari ilin aprel ayında Ermənistan ordusunun təxribatına cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən təmas xəttində işğalçı ölkənin ordusuna güclü zərbələr endirilib, bir sıra yaşayış məntəqələri və əhəmiyyətli yüksəkliklər azad edilib. Məlumat üçün bildirim ki, həmin döyüşlər zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynayıb”.

APA-nın məlumatına görə, bu barədə iyulun 10-da Müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

“Aprel döyüşlərində müəssisələrimizdə istehsal olunan silah və sursatlardan - tank əleyhinə qumbaraatanlardan, minaatanlardan və onların döyüş sursatlarından, snayper tüfənglərindən, universal pulemyotlardan, o cümlədən AK74M tipli avtomat silahlardan, müxtəlif çaplı patronlardan və digər döyüş sursatlarından düşmənə qarşı geniş istifadə edilib. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilib məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib”, deyə Y.Camalov bildirib .

Onun sözlərinə görə, hesabat dövründə xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, “İstiqlal-1T” snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının və s. məmulatların müvafiq sınaqlarına başlanılıb və həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam etdirilir.

Nazir həmçinin bildirib ki, ölkə prezidentinin tapşırığı ilə yaradılmış “Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla keçirilib və yaxın vaxtlarda Milli Ordunun sərəncamına göndəriləcək: “Bu aparat düşmənin dayaq məntəqələrini nəzarətdə saxlamaqla yanaşı, onları istənilən an məhv etmək iqtidarındadır. Əminliklə qeyd etmək istəyirəm ki, ölkəmizdə istehsal olunan silah və sursatlara əlavə edilən bu döyüş silahı da işğalçı Ermənistan ordusunun ölüm kabusuna çevriləcək və torpaqlarımızın azad edilməsində mühüm rol oynayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR