Azərfon: “Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaq üçün güzəştli kampaniyanın bitməsinə 1 ay qalır

Azərfon: “Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaq üçün güzəştli kampaniyanın bitməsinə 1 ay qalır
# 31 mart 2015 08:52 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Aprelin 30-da “Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaya dair qüvvədə olan güzəştli kampaniyanın müddəti bitir.

Bu barədə “APA-Economics”ə “Azərfon”dan məlumat verilib.

Xatırladaq ki, ötən il mayın 16-dan qüvvədə olan bu kampaniya çərçivəsində hər üç “Asan İmza” istifadəçi kateqoriyası (vətəndaşlar – fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri, dövlət qulluqçuları) üzrə xidmətə qoşulma qiymətləri endirilərək 18 manat təşkil edirdi və bununla əvvəlki qiymətlərlə müqayisədə “Asan İmza”nın əldə edilməsi üzrə vətəndaşlara 40%, hüquqi şəxslərin nümayəndələrinə 90%, dövlət qulluqçularına isə 80% qənaət etmək imkanı yaradılıb.

İstifadəçilər arasında “Asan İmza” mobil elektron imzanın artan populyarlığı, eləcə də “Asan İmza”nın effektiv qənaət aləti olduğu nəzərə alınaraq, bu xidmətə qoşulma üzrə qiymətlərin bundan sonra da əvvəlki səviyyədə saxlanılmasına qərar verilib. Beləliklə, 2015-ci il mayın 1-dən başlayaraq bütün “Asan İmza” istifadəçi qrupları üzrə xidmətə qoşulma haqqı 18 manat, aylıq abunə haqqı 1 manat, göndərilən 1 SMS ismarıcının qiyməti isə 0,03 manat təşkil edəcək.

Qeyd edək ki, “Asan imza” elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. “Asan imza” mobil elektron imza texnologiyasının açar üstünlükləri smart-karta və smart-kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün audentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM-karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

Əlavə məlumatı www.narmobile.az və www.asanimza.az saytlarında əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR