Moskvada Mixail Qusmanın kitabının təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Moskvada Mixail Qusmanın kitabının təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 11 aprel 2015 07:32 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada tanınmış jurnalist, TASS agentliyi baş direktorunun müavini Mixail Qusmanın “Formula vlasti...i yeşşo 65 intervyu” (“Hakimiyyət formulu... və daha 65 müsahibə”) kitabının təqdimat mərasimi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Formula vlasti” seriyasından olan kitabın III cildinin Rusiya Xarici İşlər Nazirliyində keçirilən təqdimat mərasimində xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin köməkçisi İqor Levitin, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) rektoru Anatoli Torkunov, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, “Crocus” holdinqin prezidenti Araz Ağalarov və Rusiyanın rəsmi şəxsləri, deputatlar, xarici ölkələrin səfirləri, tanınmış iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Sergey Lavrov bildirib ki, “Formula vlasti” layihəsi Rusiyanın mövqeyini, bütün dövlətlərlə bərabərhüquqlu əməkdaşlığını göstərməyə kömək edir. O, bu ilin payızında “Formula vlasti” layihəsinin 15 yaşının tamam olacağını xatırladıb. TASS agentliyinin baş direktoru Sergey Mixaylov çıxışında bu layihənin agentlik üçün çox önəmli olduğunu vurğulayıb: “Layihə Yer kürəsinin bütün oval, kvadrat, kubik və digər kabinetlərini TASS üçün açır ki, daha sonra oradan məlumat ala bilsin və TASS xəbər yayımında birinci olsun”.

Daha sonra MQİMO-nun rektoru Anatoli Torkunov, ABŞ səfiri Con Teft, Almaniya səfiri Ryudiger Fon Friç çıxış ediblər.

Y. Qusman isə çıxışında deyib ki, XXI əsrdə öz yerini tutmuş lider elə də çox deyil, lakin onların arxasında böyük və ya kiçik ölkə, onun təkrarolunmaz xalqı dayanır: “Mənim üçün vacib olan odur ki, bütün bu insanlar istisnasız olaraq Rusiyaya qarşı hörmət və rəğbət ifadə ediblər. Ölkəmizin ünvanına xoş və isti sözlər səsləndiriblər. Yəqin ki, bu bizim işimizin ən vacib yekunudur”.

Qeyd edək ki, “Formula vlasti” kitabının üçüncü cildinə dünya liderləri ilə 65 müsahibə daxil edilib. Mixail Qusman həmin müsahibələri 2010-2014-cü illər ərzində götürüb. Üçüncü cilddə Azərbaycan prezidenti İlham Əliyev, BMT baş katibi Pan Gi Mun, Yaponiyanın baş naziri Sindzo Abe, Braziliya prezidenti Dilma Roussef, Danimarka kralı II Marqret və digər dövlətlərin başçıları ilə müsahibələr yer alıb.

Kitabın Azərbaycan prezidenti İlham Əliyevlə müsahibə olan hissəsində müəllif Azərbaycanı müsəlman şərqində ilk demokratik respublika quran, parlament yaradan və qadınlara səsvermə hüququ verən ölkə kimi təqdim edib. İ. Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatının inkişaf tempindən də söz açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR