Yaponiyanın ''Itochu'' şirkəti SOCAR-la əməkdaşlığı genişləndirir

Yaponiyanın
# 05 may 2015 07:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlıq komitəsinin Yaponiya tərəfdən həmsədri, ''Itochu'' korporasiyasının məsləhətçisi Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələri üzrə qazanılmış nailiyyətlərdən söz açıb, bu nailiyyətlərin qazanılmasında digər tərəfdaşlarla bir sırada ''Itochu'' korporasiyasının da rolunu qeyd edib. O, ''Itochu''nun Azərbaycanın neft-qaz layihələrinə maraq göstərən ilk beynəlxalq şirkətlərdən olduğunu diqqətə çatdırıb.

Y. Kobayaşi Bakıya hər səfərindən məmnun qaldığını qeyd edib, ''Itochu'' korporasiyasının Azərbaycanla artıq 20 ildən çoxdur ki, sıx əməkdaşlıq etdiyini və həm neft, həm də qeyri-neft sektorunda müxtəlif layihələrdə tərəfdaş olduğunu xatırladaraq, iki şirkətin birlikdə həyata keçirdikləri beynəlxalq layihələr arasında “Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhan layihələrinin önəmini vurğulayıb. O, ''Itochu'' və digər yapon şirkətlərinin bundan sonra da müxtəlif layihələrdə SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Yaponiya şirkətlərinin Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılıqla söz açan SOCAR prezidenti ölkədə, o cümlədən neft-qaz sənayesində qazanılan uğurları yüksək qiymətləndirdiyinə görə Y. Kobayaşiyə təşəkkür edib, birgə layihələrin icrasının bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib. O, Türkiyədə “STAR” neft emalı zavodunun inşasında yapon şirkətləri ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

R. Abdullayev yapon şirkətləri ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli perspektiv imkanların mövcud olduğunu söyləyib. Görüşdə iştirak edən yapon şirkətlərinin xahişi ilə SOCAR-ın liderliyi ilə həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi, bu dəhlizin tərkib hissələri olan TANAP və TAP qaz kəmərləri üzrə işlərin gedişi haqqında məlumat verilib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR