Bakıda rumıniyalı rejissorun filminin təqdimatı keçirilib

Bakıda rumıniyalı rejissorun filminin təqdimatı keçirilib
# 10 mart 2015 08:02 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Martın 9-da Bakıda Rumıniyanın məşhur rejissoru Marian Krisanın “Morgen” filminin təqdimatı keçirilib. Rumıniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir səfirlik və Frankofoniya həftəsi çərçivəsində Fransa İnstitutu tərəfindən təşkil olunub. Mərasimdə diplomatik korpus nümayəndələri, incəsənət adamları və tələbələr iştirak edib.

Fransanın Azərbaycandakı səfiri Paskal Monye çıxış edərək Frankofoniya həftəsinin Azərbaycanda böyük maraqla qarşılandığını deyib. Daha sonra çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çiobanu filmin rumın və türk gənclər arasında qurulmuş güclü dostluqdan bəhs etdiyini söyləyib. Filmdə əsas rolu türkiyəli aktyor Yılmaz Yalçın oynayıb: “Rumıniya dünyada Azərbaycanın müstəqilliyini tanıyan 2-ci ölkə kimi bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafına önəm verir. Rumıniya üçün Azərbaycan strateji tərəfdaşdır. İki ölkə arasında mədəni əlaqələr günbəgün inkişaf edir və bu, ikitərəfli əlaqələrin güclənməsinə xidmət edir. Rumıniyanın Azərbaycandakı səfirliyi Azərbaycanla tərəfdaşlığın genişlənməsi və güclənməsi üçün səylərini davam etdirəcək”.

Xatırladaq ki, “Morgen” filmi Visbaden (Almaniya), Lokarno (İsveçrə), Saloniki (Yunanıstan), Lissabon (Portuqaliya), Buenos-Ayres (Argentina) və Reykyavikdə (İslandiya) müxtəlif mükafatlara layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR