Mərkəzi Gömrük Hospitalında prostat xərçəngi diaqnozu tam dəqiqliklə qoyulacaq

Mərkəzi Gömrük Hospitalında prostat xərçəngi diaqnozu tam dəqiqliklə qoyulacaq
# 06 mart 2015 13:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalında tətbiqinə yeni başlanan ən müasir avadanlıq hesabına prostat xərçəngi diaqnozunun qoyulması tam dəqiqliklə mümkün olacaq.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, böyrək xəstəlikləri və prostat xərçəngi sahəsində apardığı 600-dən çox cərrahiyyə əməliyyatı ilə beynəlxalq aləmdə tanınan türkiyəli həkim Lütfi Tuncun sözlərinə görə, vaxtında və düzgün diaqnoz qoyularsa prostat xərçəngindən xilas olmaq mümkündür. Türkiyəli mütəxəssis bu məqsədlə Mərkəzi Gömrük Hospitalına gətirilən və ikiboyutlu görüntü əldə edilməsinə imkan verən avadanlığın önəmini vurğulayıb.

L. Tunc aşkar edilən bədxassəli şişləri robotik cərrahiyyə əməliyyatı ilə aradan qaldırmağı məsləhət görür. Qapalı böyrək əməliyyatlarını öz ixtirası olan “Tunc üsulu” ilə həyata keçirən türkiyəli mütəxəssis prostat xərçənginin cərrahiyyə əməliyyatı ilə aradan qaldırılmasında da xüsusi üsuldan istifadə edir.

Tanınmış cərrah düzgün üsuldan istifadə etməklə aparılan robotik cərrahiyyə əməliyyatının üstünlüklərinin – xəstənin xəstəxanada az müddətdə qalması, qanama və sidikqaçırma probleminin olmaması, eləcə də cinsi problemlərin az olması və qısa vaxtda ayağa qalxa bilməsindən ibarət olduğunu diqqətə çatdırıb.

Mərkəzi Gömrük Hospitalında xəstələrdəki xoşxassəli şişlər isə burada tətbiq olunan və sözügedən sahədə ən müasir metod hesab edilən prostat vəzi adenomasının tulium lazerlə buxarlandırılıması üsulu ilə aradan qaldırılır. Bu əməliyyat hospitalın uroloqu Fərid Qədiməliyev tərəfindən həyata keçirilir.

F. Qədiməliyev bildirib ki, həmin əməliyyat praktiki olaraq qan itkisi olmadan aparılır. Hətta bu əməliyyat kardioloji xəstələrdə, o cümlədən, yaşlı insanlarda, qan laxtalanma problemi olan xəstələrdə əminliklə aparıla bilər.

Prostat vəzi adenomasının tulium lazerlə buxarlandırılması üsulu ilə aparılan əməliyyatın fəsad riski minimuma bərabərdir. Üstəlik xəstənin sağalma prosesi asan keçir və əməliyyat olunan şəxslərin xəstəxanada qalma müddəti daha azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR