Braziliyada “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı olub

Braziliyada “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı olub
# 07 oktyabr 2015 22:22 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirin əvvəlində çıxış edən Azərbaycanın Braziliyada səfiri Elnur Sultanov qeyd edib ki, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub və filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü ifadə edib.

Səfir E.Sultanov vurğulayıb ki, çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filminin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxsaylı sənədlər araşdırılıb və filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır. Filmin aktual xarakter daşıdığını bildirən səfir dünyanın müxtəlif yerlərində zorakılığın, ekstremizmin, etnik təmizləmə, qaçqın böhranı və digər neqativ halların davam etdiyini qeyd edərək ölkəmizin 20 faiz torpaqlarının Ermənistan tərəfindən iyirmi ildən artıq işğal olduğunu qonaqların diqqətinə çatdırıb. O, filmin sülh, ədalət və təhlükəsizliyin bərqərar olunması və beynəlxalq hüquqa riayət edilməsi üçün güclü ismarıc göndərdiyini vurğulayıb

Sənədli film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb və filmin Braziliyada gələcəkdə nümayiş etdirilməsi məqsədilə təkliflər irəli sürülüb. Tədbirdə Braziliya rəsmiləri, Braziliyada akkreditə olunan diplomatik missiyalarının rəhbərləri, akademik dairələrin nümayəndələri, yerli ictimaiyyət, eləcə də Braziliyada işçi səfərdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, Elmi-tədqiqat İnstitutunun direktoru Mehman Axundov və Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib. Tədbirin sonunda qonaqlara ziyafət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR