Qəbələdə avtomobil yolu yenidən qurularaq istifadəyə verilib

Qəbələdə avtomobil yolu yenidən qurularaq istifadəyə verilib
# 22 iyun 2016 07:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Qəbələ rayonu Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu yenidən qurularaq istifadəyə verilib.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunu IV texniki dərəcəyə uyğun yenidən qurulub.

İki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 12,2 kilometr, eni 6 metrdir, torpaq yatağının eni isə ərazilərdən asılı olaraq 8-10 metr arası dəyişir. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilib, zəruri olan yerlərdə yeni çiyinlər qurulub.

Yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ümumilikdə yolun 55 min kvadratmetrdən çox ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Aparılan kompleks tədbirlər zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənib, yeni su keçidləri inşa olunub. Ümumilikdə uzunluğu 113 metr olan 12 ədəd müxtəlif diametrdə və ölçüdə suötürücü boru tikilib və təmir olunub.

Bundan başqa, yolun 3,8-ci km-də, Tüntül kəndi ərazisində uzunluğu 5 metr, eni isə 7 metr olan 1 ədəd dəmir-beton körpü də inşa olunub.

Qeyd edək ki, yolun yenidən qurulması bölgədə turizm və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli rahatlaşmaqla Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz şəkildə çıxışı təmin olunub, həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması imkanı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR