Azərbaycanda toksikoloji zəhərlənmələrdən ölənlərin sayı açıqlanıb

Azərbaycanda toksikoloji zəhərlənmələrdən ölənlərin sayı açıqlanıb
# 08 iyun 2016 11:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda toksikoloji zəhərlənmələr arasında sirkə turşusundan zəhərlənmələr üstünlük təşkil edir. APA-nın xəbərinə görə, bunu Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib.

A.Maqsudov bunun böyük problem olduğunu açıqlayıb. Onun sözlərinə görə, dəfələrlə əlaqədar qurumlara sirkə turşusunun faizinin azaldılması ilə bağlı müraciətlər edilib: “Əgər əvvəllər sirkə turşusu 85-90%-lik buraxılırdısa, indi bu rəqəm 75%-dir. Buna baxmayaraq, yenə də ölüm faizi çoxdur. Hər ay xəstəxanaya sirkə turşusundan zəhərlənmə ilə bağlı 10-15 şəxs qəbul olunur. Onların 80-90%-i ağır və kəskin ağır vəziyyətdə gətirilir”.

Toksikoloq qeyd edib ki, il ərzində 2 mindən çox şəxs Toksikoloji mərkəzə ümumi zəhərlənmələrlə bağlı müraciət edir. 2 min müraciətdən 30-40 nəfəri ölümlə nəticələnir. Onların əksəriyyəti sirkə turşusu, psixotrop maddələr və tək-tək hallarda dərman zəhərlənmələri nəticəsində olur.

A.Maqsudov əlavə edib ki, zəhərlənmələr arasında spirtli içki, narkotik və psixotrop preparatlarla zəhərləmələr də üstünlük təşkil edir.

Toksikoloq vurğulayıb ki, hər il xəstəxanaya 300-320 uşaqda olan müxtəlif zəhərlənmələrlə bağlı müraciətlər edilir: “Onların 80%-i yandırıcı məhlullar, 10 faizi məişətdə istifadə edilən kimyəvi məhsullar, 4-5 faizi isə polivitamin və antibiotiklərlə bağlı olur. Bəzən valideynlər ürək, təzyiq dərmanlarını nəzarətsiz qoyur, uşaqların onları qəbul etməsi isə zəhərlənməyə səbəb olur. Bundan əlavə, bəzən uşaqlara dərman preparatlarının dozasının artıq təyin olunması da mənfi sonluqla nəticələnir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR