Dilçiliyin inkişafına dair dövlət proqramının qəbulunun iki illiyinə həsr olunmuş konfrans keçirilib

Dilçiliyin inkişafına dair dövlət proqramının qəbulunun iki illiyinə həsr olunmuş konfrans keçirilib
# 08 aprel 2015 11:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Azərbaycan dilinin qloballaşma şəraitində zaman tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının qəbul olunmasının iki illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev açıb.

Akademik dilçiliyin inkişafına dair dövlət proqramında qeyd olunan əsas vəzifələr barədə danışıb: “Sabah bu proqramın qəbulunun iki ili tamam olacaq. Bu proqramdan sonra bizim institutda struktur dəyişikliyi baş verdi. Qədim dillər və mədəniyyətlər şöbəsi, kompüter dilçiliyi, monitorinq şöbələri yaradıldı. Monitorinq şöbəsi çox yaxşı işləyir. Küçə adlarına, reklam lövhələrinə nəzarət edirlər. Biz bu gün burada proqramda nəzərdə tutulan vəzifələr barədə məlumat verəcəyik. Dövlət proqramında məhz bizim institutun adı çəkilib, bizə maliyyə vəsaiti ayrılıb. Ölkə başçısına təşəkkürümü bildirmək istəyirəm”.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova “Azərbaycan dilində terminologiyanın inkişafı: perspektivlər, vəzifələr” mövzusunda məruzə ilə çıxış edib: “Azərbaycan dili milli-mənəvi dəyərləri qoruyan başlıca amildir. Dil dövlətin atributudur. 2013-cü ildə sərəncam verildi və Terminologiya Komissiyası yaradıldı. Akademik Akif Əlizadənin rəhbərliyi altında komissiya formalaşdırıldı. Komissiyanın tərkibində 16 bölmə var. Əgər dildə yeni terminlər yaranmırsa, o dilin inkişaf perspektivindən danışmaqdan söhbət gedə bilməz. Bizim komissiyada informatika-texnologiya, inşaat, hərbi sənaye, idman və başqa sahələr üzrə 2013-2014-cü illər ərzində 14 terminoloji lüğət çap olunub”.

S. Sadıqova terminoloji lüğətlərin komissiyanın tərkibində fəaliyyət göstərən bölmələrdə çalışan peşəkar işçilər tərəfindən hazırlandığını söyləyib: “Rus və digər dillərdə olan və bizim daha çox işlətdiyimiz bəzi sözlər var ki, onların qarşılığı tapılıb. Məsələn, “rozetka” sözü artıq “elektrik yuvası” kimi gedir”.

Millət vəkili, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov kütləvi informasiya vasitələrində dil normalarının kobud sürətdə pozulduğunu bildirib: “Azərbaycan dilini hamı bilir. Dövlətin də dilimizə qayğısı ortadadır. Amma biz, mən jurnalist kimi danışıram, dilimizin qədrini bilmirik. Kütləvi informasiya vasitələrində, xüsusən də elektron mediada vəziyyət çox biabırçıdır. Mən “reket” jurnalistlərə görə artıq neçə illərdir özümə jurnalist deməyə utanıram. Hamı axışıb jurnalistikaya. Bir qəzet redaktoru vətəndaşı şantaj edib. Onun əmək kitabçasına baxanda məlum olub ki, çobandır. Çoban işi şərəfli işdir, bir söz demirəm, amma belə də olmaz. Biz KİV haqqında qanuna dəyişikliyin edilməsinə nail olduq. Orada qeyd edildi ki, qəzet redaktoru hökmən ali təhsilli olmalıdır. Universitetinin jurnalistika fakültəsində ədəbi redaktə tədris edilirdi. Ədəbi redaktəni bilməyən, jurnalistikanı bitirməyən necə redaktə edə bilər?! Çox təəssüf ki, bu gün qəzetlərdə korrektor institutu yoxa çıxmaq üzrədir”.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli monitorinqlər haqda məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR