"The Daily Caller": Azərbaycan və onun tərəfdaşları Avropa üçün güclü və etibarlı enerji təminatçısıdır

"The Daily Caller": Azərbaycan və onun tərəfdaşları Avropa üçün güclü və etibarlı enerji təminatçısıdır
# 07 oktyabr 2015 14:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Murovdağ silsiləsinin ətəklərində elə bir ərazi yerləşir ki, aramızda çox az adam onun haqqında eşidib. Bu ərazi 40 min insanın öldüyü və 1 milyondan artıq qaçqın və məcburi köçkünün yarandığı münaqişə ərazisidir. Lakin siz bu barədə axşam xəbərlərində eşitməmsiniz”.

APA-nın məlumatına görə, bu barədə avstraliyalı yazar Castin Emler (Justin Amler) “The Daily Caller” nəşrində “İki ölkənin hekayəsi” adlı yazısında qeyd edib. O, həmin ərazinin Dağlıq Qarabağ adlandığını bildirib:

"Ermənistan Rusiya tərəfindən dəstəklənən hərbi qüvvələrindən istifadə etməklə Azərbaycan ərazilərini qanunsuz zəbt edib".

“Bu ərazi Birləşmiş Millətlər Təşkilatı, ABŞ, Avropa İttifaqı və digər təşkilatlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb və 20 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal olunub. Sovet İttifaqının dağılması səbəbindən Moskvanın dəmir yumruğunun olmaması bir sıra etnik gərginliklər yaratdı, o cümlədən Moskvameylli Ermənistan və neftlə zəngin Azərbaycan arasında Dağlıq Qarabağı və 7 ətraf rayonu əhatə edən münaqişəyə gətirib çıxardı. Bütün beynəlxalq təşkilatlar bu ərazini Azərbaycan ərazisi kimi tanıyır. Ona görə də Ermənistan Rusiya tərəfindən dəstəklənən hərbi qüvvələrindən istifadə etməklə bu əraziləri qanunsuz zəbt etmiş hesab olunur. Azərbaycan Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edir və bu məsələnin müasir beynəlxalq hüquq və geosiyasətə əsaslanan ərazi bütövlüyü məsələsi olduğunu bildirir. Ermənistanın iddiaları isə burada olan bir sıra kilsələrin mövcudluğu ilə bağlıdır. Lakin Dağlıq Qarabağ Azərbaycan ərazisidir və burada çoxsaylı məscidlər var”.

Yazar Dağlıq Qarabağ münaqişəsinin həm də strateji mahiyyətinin olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri içərisində yeganə ölkədir ki, boru xətləri Rusiya və İran ərazisindən keçmir: “Dünyada böyüklüyünə görə ikinci neft boru xətti olan Bakı-Tbilisi-Ceyhan Qərbdəki neft idxalçıları üçün OPEK, Rusiya və İran mənbəli olmayan alternativ variant təqdim edir. Hazırda Azərbaycan BP və digər Qərb tərəfdaşları ilə birlikdə təbii qaz boru xətti tikir. Bu də Rusiya və İranın yanından keçməklə Avropanın Moskvadan enerji asılılığını azaldacaq. Bu torpaq münaqişəsinə görə isə boru xətləri Ermənistanın yanından keçir, nəticədə Ermənistan iqtisadi mənfəətlərdən məhrum olur və yoxsul ölkəyə çevrilir. Bundan başqa, Azərbaycanın neft boru xətlərinə nəzarət etməsi hazırda artmaqda olan təcriddən və Krımı işğal etdiyi üçün tətbiq edilən sanksiyalara görə iqtisadi böhran yaşayan Rusiya üçün cəzbedici mükafat kimi görünür. Rusiya bu ərazilərə nə zamansa yenidən nəzarət edə bilərsə, hərfi mənada desək, Avropanın işığını söndürər və onu yeni bir qaranlığa sürükləyər. Azərbaycan və onu tərəfdaşları Avropa üçün güclü və etibarlı enerji təhlükəsizliyi təminatçısıdır”.

"Azərbaycan o ölkələrdəndir ki, Qərb onun tərəfində olsa, həm strateji maraqları, həm də proqressiv və demokratik dəyərlər baxımından xeyir əldə etmiş olar".

C. Emlerin sözlərinə görə, hər iki ölkə müstəqillik qazandıqdan sonra Ermənistan öz zəifliyi səbəbindən gələcəyinin Rusiyadan asılı olduğunu düşünərək müstəqilliyinin ilk günlərindən Rusiyaya sıx bağlanıb: "Təəssüf ki, bu ölkə Rusiyanın vassalına çevrilib. Bu ölkə həm də NATO-ya müxalif hesab edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ermənistan həmçinin keçmiş Sovet İttifaqı ölkələri arasında rəsmi Moskvanın Avropa İttifaqına alternativ kimi yaratdığı Avrasiya İqtisadi İttifaqına qoşulan ilk ölkələrdən biri oldu. Rusiya kimi, Ermənistanın da İranla güclü əlaqələri var. Müqayisədə Azərbaycan Avropaya inteqrasiya yolunu tutaraq Qərb, ABŞ və Avropa yönümlü ölkə hesab edilir. O, həmçinin İsrail də daxil olmaqla, Qərblə əlaqələrin qurulması üzərində işləyib. Azərbaycan İsrail üçün ən böyük neft təminatçılarından biridir. Azərbaycan müsəlman ölkəsi olsa da, özünün yəhudi əhalisi ilə çox gözəl münasibətləri var və aktiv şəkildə antisemitizmə və islam ekstremizminə qarşı mübarizə aparır. Azərbaycan möhkəm və getdikcə uğurla inkişaf edən demokratiyadır. Sadə formada desək, Azərbaycan o ölkələrdəndir ki, Qərb onun tərəfində olsa, həm strateji maraqları, həm də proqressiv və demokratik dəyərlər baxımından xeyir əldə etmiş olar. Nəticə etibarilə bütün münaqişələrdə olduğu kimi ərazidə yaşayan xalq daha çox itki verir. Hazırda Dağlıq Qarabağ Ermənistan kimi monoetnik olaraq erməni və xristianlardan ibarətdir. Bununla yanaşı, bir milyona yaxın azərbaycanlı Dağlıq Qarabağ və ətraf rayonlarda etnik təmizləməyə məruz qalıb və onlar öz torpaqlarına qayıdacağı günü gözləyirlər. İndi ABŞ və ATƏT-in Minsk Qrupunun digər ölkələri üçün tərəddüdü buraxaraq Ermənistanı Azərbaycanla sülh yaratmaq və beynəlxalq hüquqa hörmət etməyə məcbur etmək vaxtdır. Yalnız bundan sonra arxada buraxdıqları münaqişə ilə ərazinin bütün sakinləri torpaqlarının parlaq gələcək üçün təklif etdiyi zənginlik və iqtisadi mənfəətdən zövq ala bilərlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR