Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Türkiyənin diplomatik səylərini davam etdirdiyini bildirib.
APA xəbər verir ki, bunu Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, müharibənin əvvəlindən Türkiyənin mövqeyi dəyişməyib: “Bu, dayandırılmalı və yayılmamalı olan müharibədir. Türkiyə Rusiya və Ukrayna ilə təmaslarından istifadə edərək taxıl sazişi, İstanbul danışıqları və əsir mübadiləsi kimi proseslərdə fəal rol oynayıb. Hazırda Qara dənizdə vəziyyətlə bağlı tərəflərlə təmaslar və təkliflər davam edir".
O bildirib ki, müharibə artıq dağıdıcı mərhələdən məhvetmə mərhələsinə keçib, mülki və infrastruktura qarşı hücumlar artır:
“Daha da yayılmasının və böyük fəlakətlərə səbəb olmasının qarşısını almaq üçün müharibə dayanmalıdır”.
Hakan Fidan müharibənin enerji qiymətlərinə, ərzaq təhlükəsizliyinə və ətraf mühitə mənfi təsirlərinin artdığını, münaqişənin Avropanın digər ölkələrinə yayılması ehtimalının isə arzuolunmaz olduğunu qeyd edib.