Təhsil nazirinin müavini: “Ölkədə hər bir vətəndaşa təhsil almaq imkanı yaradılır”

 Təhsil nazirinin müavini: “Ölkədə hər bir vətəndaşa təhsil almaq imkanı yaradılır”
# 18 may 2015 15:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. “Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, ümumbəşəri və mənəvi dəyərlərə hörmətin aşılanması mühüm yer tutur. Ölkəmizdə irqindən, dilindən, dinindən asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanın yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verilir”.

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Təhsil vasitəsilə birgə yaşamağı öyrənmək: siyasətdən təcrübəyə” mövzusunda sessiyada deyib.

Onun sözlərinə görə, Azərbaycanın orta məktəblərində tədris Azərbaycan və rus dilində, bəzi hallarda gürcü dilində aparılır. Hazırda 341 təhsil müəssisəsində təlim rus dilindədir: “Ali məktəblərdə də rus bölməsi mövcuddur və hazırda TQDK-nın elan etdiyi qəbul planına əsasən, rus dili bölməsində 5 minə yaxın tələbənin təhsil alması mümkün olacaq”.

Nazir müavini qeyd edib ki, təhsil sistemində əsas prioritet məsələ gələcək nəslin tərbiyəsi ilə bağlıdır. Hazırda ölkədə 4481 məktəb, 1680 məktəbəqədər təhsil müəssisəsi, 43 ali təhsil müəssisəsi, 113 peşə təhsili müəssisəsi fəaliyyət göstərir: “Azərbaycanda 368 məktəbdənkənar müəssisəsi də var. Təhsil sisteminin mədəniyyətlərarası dialoq və münaqişələrin qarşısının alınmasında rolu ola bilər. Azərbaycanda təhsilin inkişafının əsas məqsədlərindən biri də müasir tələblərə cavab verən gənclərin yetişdirilməsidir. Gəncləri elə dəyərlərə istiqamətləndirək ki, dövlətin modernləşdirilməsini təmin edə bilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR