Bahar Muradova: “Elə qadın deputatlar olub ki, 5 il ərzində heç nə ilə yadda qalmayıblar”

Bahar Muradova: “Elə qadın deputatlar olub ki, 5 il ərzində heç nə ilə yadda qalmayıblar”
# 28 dekabr 2015 14:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu günə qədər bizim sıralarımızda elələri olub ki, deputat seçiliblər, 5 il ərzində heç nə ilə yadda qalmayıblar. Amma fəaliyyətləri ilə qürur duyduğumuz qadın millət vəkillərimiz də çoxdur”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının deputat qadınlarla görüşündə Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B. Muradova bildirib ki, qadınlar dünyadakı tendensiyaları və bu tendensiyalardan çıxan nəticələri hesablamağı bacarmalıdırlar: “Çoxları elə bilir ki, Milli Məclisdə otururlar, danışırlar, bəziləri də qulaq asırlar, vəssalam. Bu, yanlış təəssüratdır. Burada medianın təqdimatı və bəzən millət vəkillərinin davranışı da rol oynayıb. Biz sözlə, gələcək həyatlarını təhlükə altına qoyanlar da var. YAP sıralarından seçilən bir çox qadın deputatlarımızın fəaliyyəti isə çoxlarına örnəkdir”.

B. Muradova qeyd edib ki, qadın deputatlar səlahiyyətlərini dəqiq bilməlidirlər: “Yeni seçilən qadın deputatlarımız deputat təcrübəsi olan xanımlarımızdan çox şeylər öyrənməlidirlər. Biz bu illərlə nəinki Azərbaycanı xaosdan çıxardıq, inkişaf etdirdik, eyni zamanda ailəsini birinci yerə qoyan xanımların dövlət, ictimai maraqları birinci yerə qoymasının şahidi olduq. Biz mənəvi dəyərlərin qorunması ilə məşğul ola bilərik, bu, bizim əsas vəzifəmiz deyil. Biz sosial problemlərin həlli ilə məşğul ola bilərik, bu da bizim əsas vəzifəmiz deyil. Bizim əsas fəaliyyətimiz siyasi fəaliyyətimiz, parlament fəaliyyətidir. Qadın deputatlarımız əlaqəli fəaliyyət göstərməli və müəyyən məsələlərlə bağlı hansı mövqe sərgiləməyin lazım olduğunu rəhbərliklə koordinasiya etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR