Sabahdan dövlət qulluğuna qəbulla bağlı test imtahanları başlayır

Sabahdan dövlət qulluğuna qəbulla bağlı test imtahanları başlayır
# 31 mart 2016 11:02 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 9 fevral 2016-cı il tarixdən 5 dövlət orqanında inzibati vəzifələrin beşinci təsnifatına uyğun olan 92 vakant vəzifənin tutulması üçün elan etdiyi müsabiqənin ilk mərhələsi olan test imtahanı mərhələsi aprelin 1-dən başlayır.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 2687 nəfər qeydiyyatdan keçib. Onlardan 2477 nəfəri Dövlət Statistika Komitəsinin mərkəzi aparatında olan 75 vakant vəzifə üzrə qeydə alınıb.

Vakant vəzifələr üzrə ən böyük müsabiqə vəziyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Maliyyə və təminat şöbəsində baş məsləhətçi vəzifəsi (48 namizəd) olub.

Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilib.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Test imtahanı” sistemi ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) ətraflı tanış ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR