Rüstəm Orucovun ilk məşqçisi: “Onun göz yaşları yox idi”

Rüstəm Orucovun ilk məşqçisi: “Onun göz yaşları yox idi”
# 10 avqust 2016 09:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan cüdoçusu Rüstəm Orucovun Rio-de-Janeyro Olimpiadasında qazandığı uğur Rusiya mətbuatının da diqqətindən kənarda qalmayıb. Apasport.az saytının məlumatına görə, həmyerlimizin doğulduğu İrkutsk vilayətinin Ust-İlimsk şəhərində də onun zəfəri qeyd olunub.

İdmançının Olimpiadada çıxışı ilə bağlı yerli İrkutsk televiziyasının “Xəbərlər” proqramında xüsusi süjet hazırlanıb. Ust-İlimsk cüdosunun fəxri hesab olunan Orucovun uğurunda payı olan mütəxəssislər də proqramda fikirlərini açıqlayıblar.

Rüstəmin ilk məşqçisi Aleksandr Koroteyev idmançımızın uşaqlığını yada salıb: “Bu uşaq çox fəallığı ilə seçilirdi. Heç nədən qorxmurdu, demək olar ki, onun göz yaşları yox idi. Həmişə döyüşə can atırdı, mübariz keyfiyyətləri ilə seçilirdi. Məşqlərdə çox çalışqan idi. Bütün yarışlarda ilk “üçlük”də yer alırdı. Heç vaxt “mən” ifadəsini işlətmirdi. Tatamidə də özünü sübut edə bilir. Xatırlayıram ki, o, yalnız bir dəfə mənə yorulduğunu etiraf etdi. Həmin vaxt turnirdə sənədlər düzgün tərtib olunmadığından Rüstəm hər rəqibi ilə bir deyil, iki dəfə qarşılaşmalı oldu. Lakin buna baxmayaraq, yenə yarışın qalibi olmağı bacardı. Onun Olimpiadada gümüş medal qazanmasına çox sevinirəm. Artıq neçə ildi Azərbaycana köçməsinə baxmayaraq, daima skaypla əlaqə saxlayırıq”.

Orucovun cüdodakı ilk addımlarını atdığı Ust-İlimsk İdman Klubunun direktoru Aleksandr Zareçnev də proqrama telefon vasitəsilə qoşularaq, Rüstəmin uğuruna sevindiyini açıqlayıb: “Hələ 4 il əvvəl onu London Olimpiadasında çıxış etdiyindən xəbər tutduq. Yarışda çıxışını başa vuran kimi onlarla tanışımıza zəng vurub, nəhayət ki, Orucovla əlaqə saxlaya bildik. Yenidən onun səsini eşitmək sevindirici idi. Rüstəm etiraf etdi ki, daim bizi xatırlayır, vətən də onu özünə çəkir. Elə o vaxtdan daim onunla əlaqədəyik, yazışırıq, zəngləşirik. Rüstəmin gümüş medal qazandığı gecə isə dərhal təbriklərimizi ona çatdırdıq. İndi isə onu gözləyirik. O söz verib ki, Olimpiadadan sonra Ust-İlimskə gələcək”.

Qeyd edək ki, 2-ci dəfə Olimpiadaya qatılan Orucov Rioda ardıcıl 4 görüşdə qələbə qazansa da, finalda məğlubiyyətə üzülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR